Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il " 19 " mart tarixli 85 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun (bundan sonra — Qanun) 17.1-ci maddəsinin üçüncü cümləsinə əsasən hazırlanmışdır və müayinə və texniki xidmət məlumatları üzrə reyestrin (bundan sonra — Reyestr) aparılmasının və ondan istifadə edilməsinin hüquqi və təşkilati əsaslarını müəyyən edir.
1.2. Reyestr müayinə və texniki xidmət üzrə məlumatlar toplusundan ibarət dövlət informasiya ehtiyatıdır.
1.3. Reyestrin məqsədi müayinə və texniki xidmət üzrə məlumatların toplanılması, işlənilməsi, mühafizəsi və saxlanılması, istifadəsi, məlumatlar üzrə təhlillərin aparılması, proqnoz və hesabatların hazırlanması, habelə Reyestrə daxil edilmiş məlumatlar əsasında Qanunun 18-ci və 19-cu maddələrinin tələblərinə riayət olunması üzrə monitorinq keçirilməsi yolu ilə nəzarətin həyata keçirilməsidir.
1.4. Reyestrdə yaradılan, əldə edilən, toplanılan informasiya və elektron sənədlər Azərbaycan Respublikasının mülkiyyətidir.
1.5. Reyestrin yaradılması, fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər Qanunun 17.1-ci maddəsinin birinci cümləsinə uyğun olaraq qazpaylayıcı sistem operatorunun vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
1.6. Reyestrin sahibi və operatoru qazpaylayıcı sistem operatorudur.
1.7. Reyestr Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın (bundan sonra — Qaydalar) 2.1-ci bəndində qeyd edilən prinsiplər əsasında formalaşdırılır və fəaliyyət göstərir.
1.8. Reyestrin texniki-texnoloji infrastrukturunun əsas komponentləri, həmçinin sahibinin, operatorunun və iştirakçıların vəzifələri və hüquqları, habelə istifadəçilərin hüquqları Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 199 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi" (bundan sonra — Əsasnamə) ilə müəyyən edilir.
1.9. Reyestrin iştirakçıları bu Qaydanın məqsədləri üçün informasiya proseslərində iştirak edən qazpaylayıcı sistem operatoru və tənzimləyicidir.
1.10. Reyestrin istifadəçiləri Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, balansında dövlət mənzil fonduna aid yaşayış sahələri olan dövlət orqanları (qurumları), Qanunun 19.6-cı maddəsində nəzərdə tutulan subyektlər, habelə tənzimləyici və istehlakçılardır.
1.11. Fərdi məlumatların Reyestrdə toplanılmasının və işlənilməsinin məqsədi bu Qaydanın 1.3-cü bəndində qeyd olunanları təmin etməkdir. Fərdi məlumatların Reyestrdə toplanılması, işlənilməsi və mühafizəsi "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.
1.12. Qanunun 19.4-cü maddəsinin dördüncü cümləsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Reyestrə daxil edilmiş texniki xidmət aktlarının təhlili əsasında görülmüş işlərin dəyərinin "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilmiş bazar qiymətinə uyğunluğuna mütəmadi nəzarət edir, habelə əvvəlki ildə tərtib edilmiş texniki xidmət aktlarına əsasən onların orta qiymətini müəyyən edir və rəsmi internet saytında yerləşdirir.
1.13. Bu Qaydada istifadə olunan anlayışlar Qanunda, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda, Qaydalarda, Əsasnamədə, həmçinin Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında müəyyən edilmiş mənaları ifadə edir.
2. Reyestrə daxil edilən məlumatlar
2.1. Reyestrə aşağıdakı məlumatlar daxil edilir:
2.1.1. müayinənin (o cümlədən təkrar müayinənin) keçirilməsinə və nəticəsinə dair məlumatlar:
2.1.1.1. müayinə aktının tərtib edildiyi tarix, yer və nömrəsi;
2.1.1.2. müayinə aktını tərtib edən qazpaylayıcı sistem operatorunun işçisinin (işçilərinin) vəzifəsi, soyadı, adı, atasının adı;
2.1.1.3. istehlakçı fiziki şəxs olduqda - soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (bundan sonra — FİN), ünvanı, telefon nömrələri (akt fiziki şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı ilə tərtib edildikdə, onun soyadı, adı, atasının adı, FİN-i və səlahiyyətini təsdiq edən sənəd haqqında məlumat, yaxud müayinə aktı fiziki şəxsin yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin iştirakı ilə tərtib edildikdə, həmçinin onun soyadı, adı, atasının adı, FİN-i);
2.1.1.4. istehlakçı sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs (bundan sonra — fərdi sahibkar) olduqda — soyadı, adı, atasının adı, FİN-i, ünvanı, faktiki fəaliyyət ünvanı, telefon nömrələri, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (bundan sonra — VÖEN), sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışın tarixi və yoxlamanın kodu (akt fərdi sahibkarın səlahiyyətli nümayəndəsi olan fiziki şəxsin iştirakı ilə tərtib edildikdə, həmçinin onun soyadı, adı, atasının adı, FİN-i və səlahiyyətini təsdiq edən sənəd haqqında məlumat);
2.1.1.5. istehlakçı hüquqi şəxsin tam adı, VÖEN-i, hüquqi ünvanı, faktiki fəaliyyət ünvanı (hüquqi ünvandan fərqli olduqda), telefon nömrələri, qanuni təmsilçisinin adı, soyadı və atasının adı, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışın tarixi və yoxlamanın kodu (akt istehlakçının qanuni təmsilçisindən başqa səlahiyyətli nümayəndəsi olan fiziki şəxsin iştirakı ilə tərtib edildikdə, həmçinin onun soyadı, adı, atasının adı, FİN-i və səlahiyyətini təsdiq edən sənəd haqqında məlumat);
2.1.1.6. istehlakçı dövlət orqanının (qurumunun) tam adı, VÖEN-i, hüquqi ünvanı, faktiki fəaliyyət ünvanı, telefon nömrələri, səlahiyyətli vəzifəli şəxsinin vəzifəsi, soyadı, adı, atasının adı, FİN-i və səlahiyyətini təsdiq edən sənəd haqqında məlumat);
2.1.1.7. müayinənin əhatə etdiyi təqvim ili;
2.1.1.8. təqvim ili ərzində keçirilmiş müayinənin sayı (istehlakçının müraciəti əsasında keçirilmiş təkrar müayinə nəzərə alınmaqla);
2.1.1.9. müayinə zamanı istehlakçının qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində aşkar edilmiş nöqsan və (və ya) pozuntuların mahiyyəti və onların aradan qaldırılması üçün verilmiş vaxt (bir aydan çox olmayan müddət);
2.1.1.10. müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə texniki xidmətin qazpaylayıcı sistem operatoru, ixtisaslaşmış podratçı və ya qeyri-məişət istehlakçısının müvafiq ixtisaslı işçi heyəti tərəfindən həyata keçirilməsi ilə bağlı istehlakçının seçimi barədə məlumat;
2.1.1.11. istehlakçının qaz qurğularının adı, tipi və markası;
2.1.1.12. istehlakçının qaz sayğacının göstəricisi, tipi, markası və nömrəsi;
2.1.1.13. qazın alqı-satqısına dair istehlakçı ilə bağlanılmış müqavilənin tarixi və nömrəsi;
2.1.1.14. istehlakçının fərdi hesabı;
2.1.1.15. müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə Qanunun 13.8-ci maddəsində nəzərdə tutulmuş tədbirlər barədə məlumatlar;
2.1.1.16. müayinə keçirilməsi üçün istehlakçının mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmağa maneə törədilməsinə və ya müayinənin keçirilməsinə şərait yaradılmamasına və qazın verilişinin dayandırılmasına dair qeydlər (olduğu halda);
2.1.1.17. müayinənin keçirilməsi müddəti (işlərin başlanılması və bitməsi vaxtı);
2.1.1.18. istehlakçının müayinə ilə bağlı qeydləri (olduqda).
2.1.2. texniki xidmətin keçirilməsinə və nəticəsinə dair məlumatlar:
2.1.2.1. texniki xidmətin nəticəsinə dair aktın tərtib edildiyi tarix, yer və nömrəsi;
2.1.2.2. texniki xidmətin nəticəsinə dair aktı tərtib edən şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı (ixtisaslaşmış podratçının işçisinin və ya fərdi sahibkar olan ixtisaslaşmış podratçının ixtisas attestatının nömrəsi, verilmə və qüvvədəolma tarixi);
2.1.2.3. istehlakçı barədə bu Qaydanın 2.1.1.3-2.1.1.6-cı abzaslarında nəzərdə tutulan məlumatlar;
2.1.2.4. texniki xidmət zamanı görülmüş işlərin siyahısı;
2.1.2.5. texniki xidmət zamanı istifadə olunan mal-material istehlakçı və ya bu Qaydanın 2.1.2.12-ci və 2.1.2.13-cü abzaslarında göstərilən subyektlər tərəfindən təqdim edildikdə həmin mal-materialın növü, ölçüsü, miqdarı;
2.1.2.6. texniki xidmət zamanı istifadə olunan, qazpaylayıcı sistem operatoru və ya ixtisaslaşmış podratçı tərəfindən təqdim edilən və dəyəri istehlakçı və ya bu Qaydanın 2.1.2.12-ci və 2.1.2.13-cü abzaslarında göstərilən subyektlər tərəfindən ödənilən mal-materialın növü, ölçüsü, miqdarı, dəyəri;
2.1.2.7. texniki xidmət zamanı görülmüş işlərin dəyəri;
2.1.2.8. texniki xidmət üzrə işlərin görülməsi müddəti (işlərin başlanılması və bitməsi vaxtı);
2.1.2.9. texniki xidmət qeyri-məişət istehlakçısının müvafiq ixtisaslı işçi heyəti tərəfindən göstərildiyi hallar istisna olmaqla, qazpaylayıcı sistem operatoru və ya ixtisaslaşmış podratçı ilə istehlakçı və ya ixtisaslaşmış podratçı ilə bu Qaydanın 2.1.2.12-ci və 2.1.2.13-cü abzaslarında göstərilən subyektlər arasında texniki xidmət göstərilməsinə görə bağlanılmış müqavilənin tarixi və nömrəsi;
2.1.2.10. texniki xidmətin nəticəsinə dair aktın nüsxələrinin sayı;
2.1.2.11. istehlakçının və ya bu Qaydanın 2.1.2.12-ci və 2.1.2.13-cü abzaslarında göstərilən subyektlərin texniki xidmətlə bağlı qeydləri (olduqda);
2.1.2.12. balansında dövlət mənzil fonduna aid yaşayış sahələri olan dövlət orqanının (qurumunun) adı, VÖEN-i;
2.1.2.13. çoxmənzilli binaların idarə edilməsini bilavasitə həyata keçirən sahə mülkiyyətçisinə və ya çoxmənzilli binaların sahə mülkiyyətçilərinin hamısı və ya əksəriyyəti tərəfindən yazılı formada verilmiş etibarnamə ilə təsdiqlənən səlahiyyətli şəxsə (bina sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edildikdə), mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinə, ixtisaslaşmış istehlak kooperativinə, binanı idarə edən hüquqi şəxsə və fərdi sahibkara (idarəedici təşkilata), habelə digər qazlaşdırılmış tikinti obyektlərinin mülkiyyətçilərinə (istifadəçilərinə) dair bu Qaydanın 2.1.1.3-2.1.1.6-cı abzaslarında nəzərdə tutulan məlumatlar.
2.1.3. ixtisaslaşmış podratçılara dair məlumatlar:
2.1.3.1. fərdi sahibkar olan ixtisaslaşmış podratçının soyadı, adı, atasının adı, ünvanı, VÖEN-i, FİN-i, habelə ixtisas attestatı almış əməkdaşlarının soyadı, adı, atasının adı və FİN-i;
2.1.3.2. hüquqi şəxs olan ixtisaslaşmış podratçının tam adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, faktiki fəaliyyət ünvanı (daimi fəaliyyət göstərən orqanın yerləşdiyi yerə dair məlumat), VÖEN-i, ixtisas attestatı almış əməkdaşlarının soyadı, adı, atasının adı və FİN-i;
2.1.3.3. ixtisas attestatının nömrəsi, verilmə və qüvvədəolma tarixi;
2.1.3.4. ixtisas attestatının qüvvədəolma müddətinin dayandırılması və ya onun ləğv edilməsi barədə məlumat.
2.2. Reyestrin Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra — EHİS) vasitəsilə digər dövlət orqanlarının (qurumlarının) dövlət informasiya ehtiyatlarına və sistemlərinə inteqrasiyası və məlumat mübadiləsinin təşkili Qaydaların 4-cü hissəsinə uyğun olaraq həyata keçirilir.
2.3. Reyestrlə digər dövlət informasiya ehtiyatları və sistemləri arasında məlumat mübadiləsini real vaxt rejimində həyata keçirmək mümkün olmadıqda, məlumatlar (sənədlər) Reyestrə iştirakçılar tərəfindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə onların elektron kabinetləri vasitəsilə daxil edilir.
3. Reyestrin aparılması qaydası
3.1. Bu Qaydanın 2.1.1-ci və 2.1.2-ci yarımbəndlərində nəzərdə tutulan məlumatlar bilavasitə qazpaylayıcı sistem operatoru tərəfindən, 2.1.3-cü yarımbəndində nəzərdə tutulan məlumatlar isə tənzimləyici tərəfindən Reyestrə daxil edilir və onların müntəzəm olaraq yenilənməsi təmin edilir.
3.2. Qazpaylayıcı sistem operatoru müayinə və texniki xidmətlə bağlı məlumatları müayinənin və ya texniki xidmətin keçirildiyi vaxtdan 5 (beş) iş günündən gec olmayaraq Reyestrə daxil etməlidir.
3.3. İstehlakçının qaz qurğularına və qaz xətlərinə texniki xidmətin qazpaylayıcı sistem operatoru tərəfindən həyata keçirilməsi halları istisna olmaqla, bu Qaydanın 2.1.2-ci yarımbəndində nəzərdə tutulan məlumatlar istehlakçı və (və ya) bu Qaydanın 2.1.2.12-ci və 2.1.2.13-cü abzaslarında göstərilən subyektlər tərəfindən Qanunun 19.2-ci maddəsində müəyyən edilmiş üsullarla qazpaylayıcı sistem operatoruna təqdim olunduğu vaxtdan 5 (beş) iş günü müddətində Reyestrə daxil edilməlidir.
3.4. Reyestrə daxil edilmiş məlumatların hüquqi aktlara uyğunluğu, həqiqiliyi, tamlığı, düzgünlüyü və vaxtında daxil edilib-edilməməsi qazpaylayıcı sistem operatoru tərəfindən yoxlanılır. Həmin məlumatlarda uyğunsuzluqlar və çatışmazlıqlar aşkar edildikdə 2 (iki) iş günü müddətində bu barədə Reyestrin aidiyyəti iştirakçısına bildiriş göndərilir.
3.5. Reyestrin aidiyyəti iştirakçısı bu Qaydanın 3.4-cü bəndində qeyd edilən bildiriş əsasında 5 (beş) iş günü müddətində uyğunsuzluqları və çatışmazlıqları aradan qaldıraraq məlumatları yoxlanılması üçün yenidən qazpaylayıcı sistem operatoruna təqdim edir. Qazpaylayıcı sistem operatoru 3 (üç) iş günü müddətində təqdim edilmiş məlumatları yoxlayır və təsdiq etdikdən sonra həmin məlumatları Reyestrə daxil edir.
3.6. Bu Qaydanın 3.4-cü bəndinin ikinci cümləsində göstərilən hallar istisna olmaqla, Reyestrə daxil edilmiş məlumatlarla bağlı yeni məlumatlar əldə edildikdə Reyestrdəki məlumatların yenilənməsi və yeni məlumatların Reyestrə daxil edilməsi 2 (iki) iş günü müddətində həyata keçirilir.
4. Reyestrdən istifadə qaydası
4.1. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olan dövlət orqanlarının (qurumlarının) Reyestrdən istifadəsi onların informasiya ehtiyatları və sistemləri Qaydaların 4-cü hissəsinə və "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq EHİS-ə inteqrasiya edildikdən sonra məlumat mübadiləsinin həyata keçirilməsi yolu ilə təmin edilir.
4.2. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olmayan dövlət orqanlarının (qurumlarının) və digər hüquqi şəxslərin Reyestrdən istifadəsi onların elektron kabinetləri vasitəsilə təmin edilir. Bu halda dövlət orqanının (qurumunun) və digər hüquqi şəxsin rəhbər şəxsi tərəfindən Reyestrdə qeydiyyatdan keçirilən və müvafiq hüquqlar verilən məsul şəxslər EHİS-in "Vahid Giriş" altsistemi vasitəsilə identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərə daxil olaraq Reyestrdən istifadə edirlər.
4.3. Fiziki şəxslər EHİS-in "Vahid Giriş" altsistemi vasitəsilə Reyestrdə identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərinə daxil olaraq Reyestrdən istifadə edirlər.
4.4. Reyestrin məlumatlarından "İnformasiya əldə etmək haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Dövlət sirri haqqında" və "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla istifadə olunur.
4.5. Reyestrdən istifadə etməyə və məlumat almağa görə ödəniş tələb olunmur. _______________