Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il " 19 " mart tarixli 84 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra — Qanun) 18.7-ci maddəsinə əsasən hazırlanmışdır və tüstü bacalarının istismarında təhlükəsizlik texnikası qaydasını müəyyən edir.
1.2. Tikinti obyektlərinin tüstü bacalarının layihələndirilməsi və tikintisi (quraşdırılması) tikinti obyektinin təyinatına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 23 fevral tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş "Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı Qaydaları"nın, şəhərsalma və tikintiyə dair normativ sənədlərin (o cümlədən qaz təchizatı üçün layihələndirmə normalarının), yanğın təhlükəsizliyinə dair qanunvericiliyin, həmçinin "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilir.
1.3. Tüstü bacalarının işçi vəziyyətdə olmasının və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən nöqsan və (və ya) pozuntuların aşkar edilməsi məqsədilə Qanunun 18-ci maddəsinə uyğun olaraq qazpaylayıcı sistem operatoru tərəfindən ildə bir dəfə (hər il noyabrın 1-dək) istehlakçının tüstü bacalarının müayinəsinin keçirilməsi təmin edilməlidir.
1.4. Bu Qaydada istifadə olunan anlayışlar Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir.
2. Tüstü bacalarının istismarında təhlükəsizlik texnikasına dair tələblər
2.1. Tikinti obyektlərinin tüstü bacalarının istismarında təhlükəsizlik texnikasına dair aşağıdakı tələblər müəyyən edilir:
2.1.1. tüstü bacaları qaz qurğularında yaranan yanma məhsullarının (tüstü qazlarının) sorularaq atmosferə atılmasını təmin etməli, onun texniki sazlığına və quruluşuna ziyan vura biləcək təsirlərdən mühafizə olunmalıdır;
2.1.2. istehlakçılar tərəfindən qaz qurğusu işə salınmazdan əvvəl tüstü bacalarının sorma qabiliyyəti hava axınının istiqaməti təyin olunmaqla yoxlanılmalıdır;
2.1.3. tüstü bacalarının borularının birləşmə nöqtələrində boşluq olmamalı və borular bir-birinə kip olmalı, habelə tüstü bacasının en kəsiyinin sahəsi tüstü bacasına birləşdirilən qaz qurğusunun boru qolunun en kəsiyindən az olmamalıdır;
2.1.4. tüstü bacalarının təmizlənməsi üçün nəzərdə tutulan "ciblərin" vəziyyəti, başlıqlar və kəsiklər yanğın təhlükəsizliyinə dair qanunvericiliyin tələblərinə cavab verməlidir;
2.1.5. yaşayış binalarının mənzil mülkiyyətçiləri (bina mənzil mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edildikdə), mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti, ixtisaslaşmış istehlak kooperativi, binanı idarə edən hüquqi şəxs və fərdi sahibkar (idarəedici təşkilat), habelə digər qazlaşdırılmış tikinti obyektlərinin mülkiyyətçiləri (istifadəçiləri) ixtisaslaşmış podratçı və ya qeyri-məişət istehlakçısının müvafiq ixtisaslı işçi heyəti tərəfindən binanın tüstü bacalarına ildə bir dəfə (hər il iyulun 1-dək) texniki xidmətin həyata keçirilməsi təmin edilməli, qeyri-məişət istehlakçısının müvafiq ixtisaslı işçi heyəti və ya ixtisaslaşmış podratçı tərəfindən Qanunun 19.5-ci maddəsinə uyğun texniki xidmətin nəticəsi barədə akt tərtib edilməli və bir nüsxəsi Qanunun 17.1-ci maddəsində nəzərdə tutulmuş müayinə və texniki xidmət məlumatları üzrə reyestrə (bundan sonra — Reyestr) daxil edilməsi üçün qazpaylayıcı sistem operatoruna təqdim edilməlidir;
2.1.6. dövlət mənzil fondu binalarında tüstü bacalarına texniki xidmətin həyata keçirilməsi balans mənsubiyyəti üzrə balansında dövlət mənzil fonduna aid yaşayış sahələri olan dövlət orqanları (qurumları) tərəfindən ildə bir dəfə (hər il iyulun 1-dək) Qanuna uyğun olaraq təmin edilməli və texniki xidmətin həyata keçirilməsinə dair tərtib edilmiş aktın bir nüsxəsi Reyestrə daxil edilməsi üçün qazpaylayıcı sistem operatoruna təqdim edilməlidir;
2.1.7. istehlakçılar yaşayış evlərinin tüstü bacalarının işçi vəziyyətdə saxlanılmasını və müayinə keçirilərkən aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün texniki xidmətin ixtisaslaşmış podratçı tərəfindən həyata keçirilməsini təmin etməlidirlər;
2.1.8. qaz qurğusu quraşdırılan tikilidə qaz sızması və tüstünün geri dönməsi risklərinin qarşısını alan havalandırma və havadəyişmə xətləri nəzərdə tutulmalıdır;
2.1.9. istilik qurğularının yerləşdiyi tikinti obyektlərinin tüstü bacalarına münasibətdə əlavə olaraq "İstilik təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 13.1.1-ci maddəsində nəzərdə tutulmuş istilik qurğularının texniki istismar qaydaları ilə müəyyən edilmiş tələblər yerinə yetirilməlidir.
2.2. Tüstü bacalarının istismarı zamanı istehlakçılara aşağıdakılar qadağandır:
2.2.1. tüstü bacalarının quruluşunu dəyişdirmək, tüstü bacalarının təmizlənməsi üçün nəzərdə tutulan "cibləri" hörmək və ya bağlamaq;
2.2.2. tüstü bacalarının və tüstüötürücü xətlərinin bağlanmasına səbəb ola bilən hər hansı kənar müdaxilə;
2.2.3. tüstü bacalarının təhlükəsiz və etibarlı istismarının təmin olunması məqsədilə müayinə aktı üzrə aşkar edilmiş nöqsan və (və ya) pozuntular aradan qaldırılmadan qaz qurğularından istifadə etmək;
2.2.4. tüstü bacalarından təyinatına uyğun olmayan məqsədlər üçün istifadə etmək;
2.2.5. tüstü bacalarının yaxınlığında yanan materiallardan hazırlanmış əşyalar yerləşdirmək. __________________