AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR "Xüsusi icra məmurunun vahid geyim formasının və nişanının, habelə xüsusi icra məmurunun köməkçisinin nişanının təsvirləri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Xüsusi icra məmurları haqqında" Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 248-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 13 avqust tarixli 478 nömrəli Fərmanının 2.2.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: "Xüsusi icra məmurunun vahid geyim formasının və nişanının, habelə xüsusi icra məmurunun köməkçisinin nişanının təsvirləri" təsdiq edilsin (əlavə olunur).
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 2 fevral 2026-cı il
№ 35 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il " 2 " fevral tarixli 35 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Xüsusi icra məmurunun vahid geyim formasının və nişanının, habelə xüsusi icra məmurunun köməkçisinin nişanının təsvirləri
1. Ümumi müddəalar
1.1. Xüsusi icra məmurunun vahid geyim formasının və nişanının, habelə xüsusi icra məmurunun köməkçisinin nişanının təsvirləri (bundan sonra — Təsvirlər) "Xüsusi icra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun 15.8-ci və 18.3-cü maddələrinə əsasən hazırlanmışdır və xüsusi icra məmurunun icra hərəkətlərini həyata keçirərkən daşımalı olduğu vahid geyimin və nişanın, habelə xüsusi icra məmurunun köməkçisinin icra hərəkətlərində iştirak edərkən daşımalı olduğu nişanın təsvirlərini müəyyən edir.
1.2. Xüsusi icra məmurunun vahid geyim forması və nişanı, habelə xüsusi icra məmurunun köməkçisinin nişanı Təsvirlərə əlavə edilən nümunələrə uyğun olmalıdır.
1.3. Xüsusi icra məmurunun vahid geyim forması gündəlikdir, yay və qış dəstlərindən ibarətdir.
1.4. Geyim formaları təbii və keyfiyyətli (möhkəmlilik və davamlılıq xüsusiyyətləri, habelə aşınma müqaviməti olan, qırışlar yaratmayan, yuyulduqdan sonra ölçüləri dəyişməyən, rəngi solmayan və qarışmayan, təri yaxşı qəbul edən, spesifik qoxusu olmayan, sürtünmə nəticəsində elektrikləşməyən) parçadan tikilməli və sağlamlığa mənfi təsir göstərməməlidir.
1.5. Xüsusi icra məmurunun və onun köməkçisinin nişanları geyim formasının sol döş hissəsinə asılmalıdır (bərkidilməlidir, yapışdırılmalıdır).
1.6. Təsvirlər dövlət icra məmurlarına şamil edilmir.
2. Xüsusi icra məmurunun vahid geyim formasının təsviri
2.1. Xüsusi icra məmurunun vahid geyim forması qış və yay geyimlərindən (dəstlərindən) ibarətdir. Qış geyimləri yay geyimlərinə nisbətən qalın və isti parçadan tikilir.
2.2. Qış dəstinə beysbolka, istiləşdirilmiş gödəkçə, yaz-payız gödəkçəsi (qolsuz), uzunqol üçdüymə köynək, şalvar (qadınlar üçün yubka və şalvar) və ayaqqabı aiddir.
2.3. Yay dəsti beysbolka, qısaqol üçdüymə köynək, şalvar (qadınlar üçün yubka və şalvar) və ayaqqabıdan ibarətdir.
2.4. Beysbolka yaz-payız gödəkcəsinin hazırlandığı tünd göy parçadan tikilir, günlüklüdür, günbəz formalı və dairəvidir. Baş geyiminin alın nahiyəsinə düşən hissəsinin ortasına 60 mm diametrdə dairəvi forma içərisində "XÜSUSİ İCRA MƏMURU" sözləri həkk edilmişdir (şəkil 1).
2.5. İstiləşdirilmiş gödəkçə (mont) tünd göy rənglidir, sukeçirməyən parçadan tikilir, mərkəzdən zəncirbəndlə bağlanır və düzbiçimlidir. Döş hissələrində hər iki tərəfdə düz yerləşdirilmiş üstlüyü qatlanan döş cibləri, ətək hissəsində zəncirbəndlə bağlanan kəsmə yan cibləri vardır. Sol qolun yuxarısından 6 sm aşağıya doğru 80 mm diametrdə dairəvi forma içərisində "XÜSUSİ İCRA MƏMURU" sözləri həkk edilmişdir. Kürəyi düzdür, boyunluğundan 13 sm aşağıda hündürlüyü 6 sm olan, 27 sm-lik məsafədə yerləşən, işıqəksetdirən gümüşü rəngli "XÜSUSİ İCRA MƏMURU" sözləri həkk edilmişdir (şəkil 2).
2.6. Qolsuz yaz-payız gödəkcəsi tünd göy rəngli sukeçirməyən parçadan tikilir, boyunluğu dikdir, düzbiçimlidir və bortları zəncirbəndlə bağlanır. Döş hissələrində hər iki tərəfdə düz yerləşdirilmiş üstlüyü qatlanan döş cibləri və ətək hissəsində zəncirbəndlə bağlanan kəsmə yan cibləri vardır. Kürəyi düzdür, boyunluğundan 13 sm aşağıda hündürlüyü 6 sm olan, 27 sm-lik məsafədə yerləşən, işıqəksetdirən gümüşü rəngli "XÜSUSİ İCRA MƏMURU" sözləri həkk edilmişdir (şəkillər 3, 4).
2.7. Uzunqol və qısaqol üçdüymə köynəklər tünd göy rənglidir, qatlanan boyunluqludur, və ətəyi düzdür. Yaxası üç adi kiçik düymə ilə düymələnir. Sol qolun yuxarısından 6 sm aşağıya doğru 80 mm diametrdə dairəvi forma içərisində "XÜSUSİ İCRA MƏMURU" sözləri həkk edilmişdir. Kürəyi düzdür, boyunluğundan 13 sm aşağıda hündürlüyü 6 sm olan, 27 sm-lik məsafədə yerləşən, işıqəksetdirən gümüşü rəngli "XÜSUSİ İCRA MƏMURU" sözləri həkk edilmişdir (şəkillər 5, 6).
2.8. Şalvar tünd göy rəngli parçadan, düzünə, manjetsiz tikilir. Şalvarın kəsmə yan cibləri, arxadan hər iki tərəfdə kəsmə cibləri, həmçinin dizdən yuxarı hissəsində sol və sağ tərəflərdən üstdən tikilən, üstlüyü qatlanan cibləri vardır. Sağ cibin üstlüyünün üzərinə gümüşü rəngdə "XÜSUSİ İCRA MƏMURU" sözləri həkk edilmişdir (şəkil 7).
2.9. Yubka tünd göy rəngli parçadan düzünə tikilir. Arxa və ön hissələri bel səviyyəsində köklənmişdir. Arxada bir ədəd kəsik vardır. Uzunluğu diz səviyyəsindədir (şəkil 7).
2.10. Ayaqqabının geyimə uyğun olması şərtilə seçimi sərbəstdir.
3. Nişanların təsviri
3.1. Nişanlar rezin (qara) və metal (ağımtıl şəffaf) kombinasiyalı materialdan hazırlanmaqla, qalxanvarı formadadır, uzunluğu 80 mm, eni 65 mm-dir, üzərindəki yazılar lazer üsulu ilə həkk edilir.
3.2. Xüsusi icra məmurunun nişanının üzərində gümüşü rəngdə "XÜSUSİ İCRA MƏMURU" sözləri, böyük hərflərlə soyadı, adı, atasının adı və reyestr nömrəsi göstərilir. Nişana, həmçinin reyestr nömrəsinin həqiqiliyinin yoxlanılmasına imkan verən QR kod əlavə edilir (şəkil 8).
3.3. Xüsusi icra məmurunun köməkçisinin nişanının üzərində gümüşü rəngdə "XÜSUSİ İCRA MƏMURUNUN KÖMƏKÇİSİ" sözləri, böyük hərflərlə köməkçinin soyadı, adı və atasının adı göstərilir (şəkil 8).
3.4. Xüsusi icra məmurunun nişanı mövcud geyimdən asılı olaraq istiləşdirilmiş gödəkçə, yaz-payız gödəkçəsi (qolsuz) və ya üçdüymə köynəkdən birinin (bir neçəsinin) sol döş hissəsindən asılır (bərkidilir, yapışdırılır). Həmin geyimlər nişanın möhkəm asılmasına (bərkidilməsinə, yapışdırılmasına) uyğun olan şəkildə tikilir.
3.5. Xüsusi icra məmurunun köməkçinin geyimi nişanın möhkəm asılmasına (bərkidilməsinə, yapışdırılmasına) uyğun olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il " 2 " fevral tarixli 35 nömrəli Qərarına Əlavə Şəkil 1 Şəkil 2 Şəkil 3 Şəkil 4 Şəkil 5 Şəkil 6 Şəkil 7 Şəkil 8