Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin subsidiyalaşdırılması Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. Müəyyən edilsin ki:
2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Qaydaya uyğun olaraq, sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən ödənişin 50 (əlli) faizi məbləğində dövlət büdcəsinin vəsaiti hesabına subsidiya ödənilir;
2.2. bu Fərmanın 2.1-ci bəndində nəzərdə tutulan subsidiya bu Fərman qüvvəyə mindikdən sonra elektrik şəbəkəsinə qoşulan sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinə şamil edilir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. bu Fərmanın 2.1-ci bəndində nəzərdə tutulan subsidiyanın 2027—2030-cu illərdə ödənilməsinin maliyyələşdirilməsi üçün zəruri vəsaitin həmin illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulmasını təmin etsin;
3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
4.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Qaydaya uyğun olaraq, elektrik şəbəkəyə qoşulma xidmətinə görə ödənişin subsidiyalaşdırılmasını təşkil etsin;
4.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
5. Bu Fərman 2027-ci il yanvarın 1-dən qüvvəyə minir və 2030-cu il dekabrın 31-dək qüvvədədir. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 19 iyun 2026-cı il
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmişdir Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin subsidiyalaşdırılması QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən ödənişin 50 (əlli) faizi məbləğində dövlət büdcəsinin vəsaiti hesabına subsidiya ödənilməsi ilə bağlı hüquqi və təşkilati məsələləri tənzimləyir.
1.2. Subsidiyalaşdırma yalnız bu Qaydanın 1 nömrəli əlavəsində nəzərdə tutulan sənaye və kənd təsərrüfatı sahələri üzrə tikinti obyektlərinə şamil edilir.
1.3. Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.
2. Subsidiyalaşdırma şərtləri
2.1. Bu Qaydanın 1.1-ci bəndində nəzərdə tutulan subsidiya məbləği sahibkarın müraciəti əsasında ödənilir.
2.2. Elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişlər aşağıdakı şərtlər əsasında subsidiyalaşdırılır:
2.2.1. hüquqi şəxslərə münasibətdə — nizamnamə kapitalında dövlətin iştirak payı 30 (otuz) faizdən az olduqda;
2.2.2. sahibkar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olmadıqda;
2.2.3. sahibkarın Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmadıqda;
2.2.4. bu Qaydanın 3.2-ci bəndinə uyğun olaraq təqdim edilmiş sənədlərdə uyğunsuzluq aşkarlanmadıqda.
3. Subsidiyanın verilməsi üçün müraciət və ona baxılması
3.1. Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin subsidiyalaşdırılması ötürücü sistem operatorunun və ya paylayıcı sistem operatorunun təqdim etdiyi və tikinti obyektinin elektrik şəbəkəsinə qoşulmasına görə sahibkar tərəfindən ödəniş faktını təsdiq edən arayış əsasında həyata keçirilir.
3.2. Sahibkar (bundan sonra — ərizəçi) subsidiyanın alınması üçün bu Qaydanın 2 nömrəli əlavəsində nəzərdə tutulan ərizəni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə (bundan sonra — Nazirlik) şəxsən təqdim edir və ya poçt vasitəsilə, yaxud elektron formada göndərir. Ərizəyə tikinti obyektinin elektrik şəbəkəsinə qoşulmasına görə ödəniş edildiyi faktını təsdiq edən arayış və ərizəçi tərəfindən nağdsız ödənişi təsdiq edən sənəd əlavə olunur.
3.3. Bu Qaydanın 3.2-ci bəndinin ikinci cümləsində qeyd olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda, onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
3.4. Müraciətlərə baxılması və ödənişin subsidiyalaşdırılması ilə bağlı fəaliyyətin təşkili və qərar qəbul edilməsi Nazirlik tərəfindən həyata keçirilir.
3.5. Nazirlik daxil olmuş müraciətə baxarkən "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununu və bu Qaydanın tələblərini rəhbər tutur.
3.6. Ərizədə və ona əlavə edilmiş sənədlərdə imtinaya səbəb olmayan çatışmazlıqlar aşkarlandıqda, ərizənin qeydiyyata alındığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq onların aradan qaldırılması barədə məlumat ərizəçiyə təqdim edilir və ya poçt vasitəsilə, yaxud elektron formada göndərilir. Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman bu Qaydanın 3.9-cu bəndində nəzərdə tutulmuş ödənişin subsidiyalaşdırılmasına dair qərar verilməsi ilə bağlı müddətin axımı dayandırılır. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.
3.7. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkarlanmış çatışmazlıqları bu Qaydanın 3.6-cı bəndinin ikinci cümləsində göstərilən müddətdə aradan qaldırmadıqda ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edildikdən sonra bu barədə məlumat 2 (iki) iş günü müddətində ərizəçiyə şəxsən təqdim olunur və ya poçt vasitəsilə, yaxud elektron formada göndərilir. Ərizəçi ödənişin subsidiyalaşdırılması üçün təkrar ərizə ilə Nazirliyə müraciət edə bilər.
3.8. Nazirlik tikinti obyektinin elektrik şəbəkəsinə qoşulması faktının təsdiqi üçün ötürücü sistem operatoruna və ya paylayıcı sistem operatoruna sorğu göndərir. Sorğu daxil olduğu tarixdən 3 (üç) iş günü müddətində həmin qurumlar tərəfindən cavablandırılmalıdır.
3.9. Nazirlik bu Qaydanın 3.8-ci bəndində qeyd edilən sorğunun nəticələrinə əsasən, ərizənin qeydiyyata alındığı tarixdən 7 (yeddi) iş günü müddətində müraciətin bu Qaydanın 2.2-ci bəndi ilə müəyyən edilmiş subsidiyalaşdırma şərtlərinə uyğunluğunu yoxlamaqla, elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin subsidiyalaşdırılmasına və ya subsidiyalaşdırılmadan imtinaya dair qərar qəbul edir, bu barədə məlumat 2 (iki) iş günü müddətində ərizəçiyə şəxsən təqdim edilir və ya poçt vasitəsilə, yaxud elektron formada göndərilir.
3.10. Ödənişin subsidiyalaşdırılmasından imtina haqqında inzibati akt bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulmuş şərtlərə istinad edilməklə əsaslandırılmalıdır. Ərizəçi inzibati aktdan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.
4. Subsidiyanın ödənilməsi
4.1. Subsidiyanın verilməsi ilə bağlı müsbət qərar qəbul edildiyi halda Nazirlik subsidiyanın ödənilməsi ilə əlaqədar bu Qaydanın 3 nömrəli əlavəsinə uyğun olaraq ödəniş sifarişini müvafiq qərar qəbul edildiyi tarixdən 2 (iki) iş günü müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edir.
4.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi 2 (iki) iş günü müddətində təqdim edilmiş ödəniş sifarişi əsasında subsidiya məbləğinin ərizəçinin bank hesabına köçürülməsini təmin etməlidir. "Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin subsidiyalaşdırılması Qaydası"na 1 nömrəli əlavə Subsidiyalaşdırmanın şamil edildiyi sənaye və kənd təsərrüfatı sahələrinin SİYAHISI
1. Bitkiçilik və heyvandarlıq, ovçuluq
2. Balıqçılıq və balıqartırma
3. Qida məhsulları istehsalı
4. İçki istehsalı
5. Tütün məmulatları istehsalı
6. Toxuculuq sənayesi
7. Geyim istehsalı
8. Dəri və dəri məmulatları, ayaqqabı istehsalı
9. Mebeldən başqa, ağacın emalı və ağacdan məmulatlar və tıxac istehsalı, hopdurma və hörmə materiallar istehsalı 10. Kağız və karton istehsalı 11. Kimya sənayesi 12. Əczaçılıq məhsulları istehsalı 13. Rezin və plastik məmulatlar istehsalı 14. Digər qeyri-metal mineral məhsulların istehsalı 15. Metallurgiya sənayesi 16. Maşın və avadanlıqdan başqa, hazır metal məmulat istehsalı 17. Kompüter, elektron və optik məhsullar istehsalı 18. Elektrik avadanlığı istehsalı 19. Maşın və avadanlıq istehsalı 20. Avtomobil, qoşqu və yarımqoşqu istehsalı 21. Sair nəqliyyat vasitələrinin istehsalı 22. Mebel istehsalı 23. Digər sənaye məhsullarının istehsalı
"Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin subsidiyalaşdırılması Qaydası"na 2 nömrəli əlavə ƏRİZƏ _____________Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə______________
1. Ərizəçi haqqında məlumatlar:
1.1. Hüquqi şəxsin adı / fərdi sahibkarın soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsi, FİN kodu: _____________________________________________________________________
1.2. Hüquqi şəxsin hüquqi ünvanı / fərdi sahibkarın ünvanı:
_____________________________________________________________________
1.3. Hüquqi şəxsin / fərdi sahibkarın VÖEN-i:
_____________________________________________________________________
1.4. Bank rekvizitləri:
_____________________________________________________________________
1.5. Əlaqə telefonu:
_____________________________________________________________________
1.6. Elektron poçtu (vardırsa):
_____________________________________________________________________
1.7. Hüquqi şəxsin rəhbərinin və ya nümayəndəsinin / fərdi sahibkarın səlahiyyətli nümayəndəsinin (vardırsa):
1.7.1. soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsi, FİN kodu: _____________________________________________________________________ 1.7.2. ünvanı:
_____________________________________________________________________ 1.7.3. əlaqə telefonu:
_____________________________________________________________________ 1.7.4. elektron poçtu (vardırsa):
_____________________________________________________________________
1.7.5. etibarnamə haqqında məlumatlar:
____________________________________________________________________
1.8. Layihənin adı:
_____________________________________________________________________
1.9. Layihənin həyata keçirildiyi iqtisadi fəaliyyət növü:
_____________________________________________________________________
1.10. Layihənin həyata keçirildiyi ünvan:
_____________________________________________________________________
Qeyd. Ərizə səlahiyyətli nümayəndə tərəfindən təqdim olunduqda, etibarnamə əlavə edilir.
2. Hüquqi şəxsin rəhbərinin və ya nümayəndəsinin / fərdi sahibkarın və ya onun səlahiyyətli nümayəndəsinin _____________________________________________________________________ (vəzifəsi, soyadı, adı, atasının adı)
3. Ərizənin tərtib edildiyi tarix ______________________________________________ (gün, ay, il)
4. Hüquqi şəxsin rəhbərinin və ya nümayəndəsinin / fərdi sahibkarın və ya onun səlahiyyətli nümayəndəsinin imzası və möhürü (vardırsa).
M. Y.
"Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin subsidiyalaşdırılması Qaydası"na 3 nömrəli əlavə Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə sahibkara ödənilməli olan subsidiya məbləğinə dair ÖDƏNİŞ SİFARİŞİ Sahibkar barədə məlumat Hüquqi şəxsin adı və ya fiziki şəxsin soyadı, adı və atasının adı VÖEN-i Bank rekvizitləri Ödəniləcək subsidiyanın məbləği Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin vəzifəli şəxsi: ________ __________________________ (imza) (vəzifəsi, soyadı, adı, atasının adı) M. Y.
Tarix: _______________________________ (gün, ay, il)