AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ SƏRƏNCAM "Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026 — 2028-ci illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 871 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə "Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026 — 2028-ci illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 871 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə:
1. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi:
1.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 871 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026 — 2028-ci illər üçün Milli Fəaliyyət Planı"nın (bundan sonra — Milli Fəaliyyət Planı) həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.1.1-ci yarımbəndinin icrası ilə bağlı təkliflərini 2026-cı il dekabrın 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.2. Milli Fəaliyyət Planının həyata keçirilməsinin əlaqələndirilməsi məqsədilə bu Sərəncamın 3.1-ci bəndinə əsasən müəyyən edilmiş əsas və digər icraçı orqanların (qurumların) rəhbərlərinin müavinlərindən ibarət məsul şəxslərin təmsil olunduğu işçi qrup yaratsın və bu barədə məlumatı 2026-cı il fevralın 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.3. ildə bir dəfə Milli Fəaliyyət Planının icrasının monitorinqinin və qiymətləndirmə hesabatının işçi qrup tərəfindən müzakirəsini təşkil etsin.
2. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (bundan sonra — Mərkəz):
2.1. Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini təmin etmək məqsədilə "Azərbaycan
Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026—2028-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrasının monitorinqi və hesabatlılıq modulu"nun (bundan sonra — Modul) Mərkəz tərəfindən hazırlanmış Vahid Elektron Hesabatlılıq Portalı çərçivəsində formalaşdırılmasını 2 (iki) ay müddətində təmin etsin və növbəti ildən Tədbirlər Planının monitorinqini və qiymətləndirilməsini Modul üzərindən həyata keçirsin;
2.2. Milli Fəaliyyət Planında qeyd olunmuş tədbirlərlə bağlı icraçı orqanlar (qurumlar), iqtisadi rayonlar, şəhər və rayonlar, icra müddətləri üzrə məlumatları və digər zəruri göstəriciləri təsnifatlandırmaqla, mövcud vəziyyət barədə informasiyaları təmin edən sistemdə hesabatlılığa imkan verən müvafiq bölmələrin Modulda yaradılmasını təmin etsin;
2.3. Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin nəticəsi barədə məlumatları 2027-ci ildən başlayaraq, ildə 1 (bir) dəfə, hər il aprelin 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.4. Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının qiymətləndirilməsinin nəticəsi barədə məlumatları 2029-cu il iyunun 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.5. Modulun yaradılması və Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin və qiymətləndirilməsinin aparılması xərclərini Mərkəzin növbəti illər üçün büdcəsində nəzərə alsın.
3. Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlər üzrə əsas və digər icraçı orqanlar (qurumlar):
3.1. Milli Fəaliyyət Planının aidiyyəti üzrə icrasının təmin olunması məqsədilə orqanın (qurumun) rəhbərinin müavinlərindən məsul şəxs və müvafiq struktur bölməsinin rəhbərini cavabdeh şəxs təyin edərək onlar barədə məlumatı 10 (on) gün müddətində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim etsinlər;
3.2. Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin nəticə indikatorları üzrə hədəf göstəriciləri də müəyyən edilməklə, illər üzrə bölgüsünü 2 (iki) ay müddətində Mərkəzlə razılaşdırılmış indikatorlar cədvəlinin nümunəvi formasına uyğun hazırlayaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.
4. Bu Sərəncamın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinə həvalə edilsin.
5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 16 Jan 2026
Sənəd nömrəsi
№33s