AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ SƏRƏNCAM "Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026—2029-cu illər üçün Strategiya"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 841 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə "Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026—2029-cu illər üçün Strategiya"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 841 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə:
1. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (bundan sonra — Mərkəz):
1.1. "Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026—2029- cu illər üçün Strategiya"da (bundan sonra - Strategiya) nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini təmin etmək məqsədilə Vahid Elektron Hesabatlılıq Portalı çərçivəsində "Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026—2029-cu illər üçün Strategiya"nın icrasının monitorinqi və hesabatlılıq modulu"nun (bundan sonra — Modul) formalaşdırılmasını iki ay müddətində təmin etsin və növbəti ildən Strategiyanın monitorinqini və qiymətləndirilməsini Modul üzərindən həyata keçirsin;
1.2. Strategiyada nəzərdə tutulmuş tədbirlər üzrə icraçı orqanlar (qurumlar), iqtisadi rayonlar, şəhər və rayonlar, icra müddətləri, eləcə də layihələrlə bağlı məlumatlar (o cümlədən informasiya sistemlərinin informasiya təhlükəsizliyi tələblərinə uyğunluğu barədə rəy, Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunması, informasiya sisteminin və onun ehtiyat nüsxələrinin "Hökumət buludu"nda saxlanılması ilə bağlı məlumatlar), habelə obyektlər üzrə məlumatlar (ərazi planlaşdırılması, tikintiyə icazə sənədi, texnikiiqtisadi əsaslandırma, tikinti layihəsi, şəhərsalma planına uyğunluq rəyi, smeta sənədləri, layihə konsepsiyası, ekspertiza rəyi, ətraf mühitə təsirlə bağlı dövlət ekoloji ekspertizasının rəyi, maliyyə vəsaitinin ayrılması, satınalma və müqavilələrin bağlanılması və s.) təsnifatlaşdırılmaqla, mövcud vəziyyət barədə informasiyaları təmin edən və hesabatlılığı mümkün edən müvafiq bölmələrin sistemdə yaradılmasını təmin etsin;
1.3. Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin nəticəsi barədə məlumatları ildə bir dəfə, hər il martın 5-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.4. Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının qiymətləndirilməsinin nəticəsi barədə məlumatları 2030-cu il iyunun 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.5. Modulun yaradılması və Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin və qiymətləndirilməsinin aparılması ilə bağlı xərclərin Mərkəzin növbəti illər üçün büdcəsində nəzərə alınması məqsədilə tədbirlər görsün.
2. Strategiyada nəzərdə tutulmuş tədbirlər üzrə əsas icraçı orqanlar (qurumlar):
2.1. Strategiyada nəzərdə tutulmuş tədbirlərin aidiyyəti üzrə icrası məqsədilə əsas və digər icraçı qurumların rəhbərlərinin müavinlərindən ibarət məsul şəxsləri və müvafiq struktur bölmənin rəhbərlərindən ibarət cavabdeh şəxsləri təyin edərək onlar barədə məlumatı 10 (on) gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər;
2.2. Strategiyada nəzərdə tutulmuş tədbirlərin nəticə indikatorları üzrə hədəf göstəriciləri müəyyən edilməklə illər üzrə bölgüsünü iki ay müddətində Mərkəz ilə razılaşdırılmış indikatorlar cədvəlinin nümunəvi formasına uyğun hazırlayaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər;
2.3. Monitorinqin və qiymətləndirmənin həyata keçirilməsi məqsədilə Mərkəzə təqdim edilməsi üçün Strategiyada nəzərdə tutulmuş layihələrin icrası ilə bağlı müvafiq məlumatların "Layihə idarəetməsi" moduluna rübdə bir dəfə, növbəti ayın 15-dək, tədbirlər üzrə ilin yekunları barədə məlumatların isə hər il fevralın 25-dək Modulda yerləşdirilməsini təmin etsinlər;
2.4. icrası davam etməkdə olan konsepsiya, strategiya, dövlət proqramı, milli fəaliyyət planı və bu kimi digər sənədlərin Strategiya ilə əlaqələndirilməsini təmin etsinlər.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlər üzrə layihələrin maliyyələşdirilməsi dövlət büdcəsində nəzərdə tutulduğu təqdirdə, onların ilkin ümumi dəyəri, dövlət büdcəsində nəzərdə tutulmuş, ayrılmış, istifadə olunmuş və növbəti illərə tələb olunan vəsait barədə məlumatların hər rübdən sonrakı ayın 5-dək Modulda yerləşdirilməsini təmin etsinlər.
4. Bu Sərəncamın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinə həvalə edilsin.
5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 26 Dec 2025
Sənəd nömrəsi
№809s