Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il " 6 " aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmişdir. İstehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirlərinin görülməsi QAYDALARI
1. Ümumi müddəalar
1.1. İstehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirlərinin görülməsi Qaydaları (bundan sonra - Qaydalar) "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 15.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və istehlak bazarlarında (elektron ticarət daxil olmaqla) texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirlərinin həyata keçirilməsi qaydalarını müəyyən edir.
1.2. İstehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan texniki tənzimləmənin şamil olunduğu mallara (bundan sonra - mallar) qarşı nəzarət tədbirləri Qanunun tələbləri nəzərə alınmaqla, bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra — Agentlik) tərəfindən həyata keçirilir.
1.3. Sahibkarlıq sahəsində aparılan yoxlamalar "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
2. Əsas anlayışlar
2.1. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. texniki tənzimləmə - mallara dair məcburi tələblərin müəyyən olunması, qəbulu və tətbiqi, habelə uyğunluğun qiymətləndirilməsi ilə əlaqədar münasibətlərin hüquqi tənzimlənməsi;
2.1.2. texniki reqlament - mallara dair məcburi tələbləri müəyyən edən texnikinormativ hüquqi akt;
2.1.3. uyğunluğun qiymətləndirilməsi prosedurları - texniki reqlamentlərdə nəzərdə tutulmuş tələblərin yerinə yetirildiyini müəyyən etmək üçün istifadə olunan müvafiq prosedurlar;
2.1.4. təsərrüfat subyekti - istehsalçı, idxalatçı və ticarət nümayəndəsi (agent);
2.1.5. satıcı - alqı-satqı əməliyyatı aparan, mal satan müəssisə, idarə, təşkilat və ya sahibkar, o cümlədən malları satan elektron ticarət iştirakçısı;
2.1.6. risk - malların insanların həyat və ya sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına zərər vurması ehtimalı;
2.1.7. elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı üzrə həyata keçirilən fəaliyyət;
2.1.8. elektron ticarət operatoru - malları satan və alan elektron ticarət iştirakçıları arasında elektron sənəd dövriyyəsi vasitəçisi kimi çıxış edən hüquqi və fiziki şəxslər.
2.2. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Qanunla və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
3. Agentliyin hüquq və vəzifələri
3.1. Bu Qaydaların 5.1-ci bəndi ilə müəyyən edilmiş nəzarət tədbirlərinin həyata keçirilməsi zamanı Agentliyin aşağıdakı hüquqları vardır:
3.1.1. nəzarət tədbirlərinin həyata keçirildiyi yerlərə maneəsiz daxil olmaq;
3.1.2. mallara dair zəruri məlumatların və digər hüquqmüəyyənedici sənədlərin sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) və ya təsərrüfat subyektlərindən və (və ya) satıcılardan əldə etmək;
3.1.3. bu Qaydaların 4-cü hissəsi ilə müəyyən edilmiş tələblərə riayət edilməsinin müəyyən olunması məqsədilə sorğu əsasında təsərrüfat subyektlərindən və satıcılardan zəruri məlumatları tələb etmək;
3.1.4. müvafiq texniki reqlamentlərin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə malların tədqiqinin (sınağının) aparılması üçün mallardan nümunələr götürmək;
3.1.5. maldan qaynaqlanan qəza, yaralanma, ölüm və digər hadisələrə dair məlumatların təqdim olunmasını aidiyyəti orqanlardan (qurumlardan) və digər təşkilatlardan sorğu əsasında əldə etmək;
3.1.6. malların foto, audio və video çəkilişini aparmaq;
3.1.7. qanunvericiliklə müəyyən edilmiş digər hüquqlar.
3.2. Bu Qaydaların 5.1-ci bəndi ilə müəyyən edilmiş nəzarət tədbirlərinin həyata keçirilməsi zamanı Agentliyin aşağıdakı vəzifələri vardır:
3.2.1. istehlak bazarlarında malların texniki reqlamentlərin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə bu Qaydalarla müəyyən edilmiş qaydada nəzarət tədbirlərini həyata keçirmək və müvafiq tədbirləri görmək;
3.2.2. nəzarət tədbirlərini bu Qaydaların tələblərinə əməl etməklə təsərrüfat subyektlərinin və satıcıların hüquqi və qanuni mənafelərinə uyğun həyata keçirmək;
3.2.3. satıcı tələb etdiyi halda Agentliyin vəzifəli şəxsləri tərəfindən xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), satıcıya (onun səlahiyyətli nümayəndəsinə) təqdim etmək;
3.2.4. nəzarət tədbirlərini tam, vaxtında, obyektiv və qərəzsiz həyata keçirmək, satıcının müəyyən edilmiş iş rejiminə və fəaliyyətinə, o cümlədən nəzarət tədbirləri aparılan zamanı Agentliyin vəzifəli şəxsləri tərəfindən təsərrüfat subyektinin və ya satıcının (onların səlahiyyətli nümayəndəsinin) iştirakına mane olmamaq;
3.2.5. texniki reqlamentlərin tələblərinə uyğun olmayan malların uçotunu aparmaq;
3.2.6. texniki reqlamentlərdə uyğunluğunun təsdiqi tələb olunan, lakin uyğunluğun qiymətləndirilməsi prosedurundan keçməmiş malların reklam edilməsinin qarşısını almaq;
3.2.7. malın yerləşdirildiyi informasiya sistemlərindən çıxarılmasını və ya həmin informasiya sistemlərinə daxil olduqda malın əldə olunmasına yol verilməməsini və istifadəçiyə bu barədə məlumatı özündə əks etdirən bildirişin təqdim olunmasını elektron ticarət operatorundan tələb etmək;
3.2.8. texniki reqlamentlərin tələblərinə cavab verməyən, insanların həyat və sağlamlığı, ətraf mühit üçün təhlükə yaradan malların istehsalının, idxalının, satışa çıxarılmasının, satışının (yerinə yetirilməsinin), realizə edilməsinin və ya istifadəsinin, məcburi sertifikatlaşdırılması tələb olunan, lakin sertifikatı olmadan malların satışının (yerinə yetirilməsinin) qarşısının alınması ilə bağlı tədbirlər görmək;
3.2.9. Agentliyin vəzifəli şəxsləri tərəfindən "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun etik davranış qaydalarına dair tələblərinə əməl etmək;
3.2.10. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələr.
3.3. Nəzarət tədbirləri zamanı Agentliyə aşağıdakılar qadağandır:
3.3.1. səlahiyyətinə, təsərrüfat subyektinə və satıcıya, habelə aparılan nəzarət tədbirlərinin predmetinə aidiyyəti olmayan məlumatları (sənədləri) tələb etmək;
3.3.2. qanunla digər dövlət orqanının fəaliyyət sahəsinə aid olan və ya aparılan nəzarət tədbirlərinin predmetində nəzərdə tutulmamış məsələləri araşdırmaq;
3.3.3. təsərrüfat subyektinin və satıcının resurslarını (daşınmaz əmlakını, nəqliyyat vasitələrini, kompüterlərini, surətçıxarma avadanlığını, dəftərxana ləvazimatını və s.) istifadə etmək;
3.3.4. təsərrüfat subyektindən və satıcıdan Agentliyə əvvəllər təqdim edilmiş məlumatları (sənədləri) tələb etmək;
3.3.5. maddi və digər nemətlər, imtiyazlar və ya güzəşt qarşılığında rəsmi və ya qeyri-rəsmi qaydada, nəzarət tədbirlərinin aparıldığı təsərrüfat subyektinə məsləhət xidmətləri göstərmək.
4. Təsərrüfat subyektləri üçün ümumi tələblər
4.1. Təsərrüfat subyektləri Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş ümumi tələblərə əməl etməlidirlər.
4.2. Texniki reqlamentlərin tələblərinin pozulması halları ilə əlaqədar mallarda yaranmış risklər barədə təsərrüfat subyektləri istehlakçıları məlumatlandırmalıdırlar.
4.3. Malın texniki reqlamentində nəzərdə tutulmuş üsulla uyğunluğunun qiymətləndirilməsi təmin olunduğu halda, uyğunluğu təsdiq etmək məqsədilə təsərrüfat subyektləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 17 iyul tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş "Uyğunluq nişanının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydaları"na uyğun olaraq uyğunluq nişanını tətbiq etməlidirlər.
4.4. İstehsalçı texniki reqlamentlərin tələblərinə uyğun olaraq malın eyniləşdirilməsinə imkan verən malın üzərinə partiya və ya seriya nömrəsi tətbiq etməlidir. Malın ölçüsünə və ya digər xüsusiyyətlərinə görə istehsalçı göstərilən
məlumatları yerləşdirə bilmirsə, o zaman həmin məlumatlar qablaşdırmada və ya malı müşayiət edən sənədlərdə göstərilməlidir.
4.5. İdxalatçı malları dövriyyəyə buraxarkən mala dair uyğunluğun qiymətləndirilməsi prosedurunun tətbiq edilməsinə, texniki sənədlərinin mövcudluğuna və mala uyğunluq nişanının vurulmasına əmin olmalıdır.
4.6. Malın texniki reqlamentlərin tələblərinə uyğunsuzluğunun qarşısını almaq üçün idxalatçı tərəfindən saxlama və daşınma şəraitinə və şərtlərinə riayət edilməlidir.
4.7. İdxalatçı malın texniki reqlamentlərin tələblərinə uyğun olmadığını hesab edirsə, o zaman malı bazara çıxarmazdan əvvəl uyğunsuzluqları aradan qaldırmalıdır. İdxalatçı malların texniki reqlamentlərin tələblərinə uyğunsuzluğunu aradan qaldıra bilmədiyi halda bu barədə istehsalçıya və Agentliyə məlumat verir.
4.8. Bu Qaydaların 6-cı hissəsində göstərilən nəzarət tədbirləri çərçivəsində təsərrüfat subyekti aşkar olunmuş uyğunsuzluqlar ilə əlaqədar olaraq satıcıları məlumatlandırmalı, uyğunsuzluqların aradan qaldırılması üzrə tədbirlərin görülməsini təmin etməli və nəticələri barədə Agentliyə məlumat verməlidir.
4.9. Təsərrüfat subyekti malın texniki reqlamentlərin tələblərinə uyğun olmadığını və bu uyğunsuzluğun satıcıdan qaynaqlandığını müəyyən etdiyi halda, uyğunsuzluğun aradan qaldırılması üzrə tədbirlərin görülməsi üçün satıcını məlumatlandırır və bununla bağlı müvafiq tədbirlərinin görülməsi zərurətini bildirir. Mallar insanların həyat və sağlamlığı, ətraf mühit üçün təhlükə yaratdığı halda təsərrüfat subyekti satıcını və Agentliyi məlumatlandırır və həmin malların satışdan çıxarılmasını təmin edir.
4.10. Elektron ticarət operatoru müvafiq sənədləri olmayan malların informasiya sistemlərindən istifadə edilməklə alqı-satqısının həyata keçirilməsinə yol verməməlidir.
4.11. Təsərrüfat subyektləri qanunvericiliyə uyğun olaraq digər vəzifələri də daşıya bilərlər.
5. Malların texniki reqlamentlərin tələblərinə uyğunluğunun müəyyən edilməsi ilə əlaqədar nəzarət tədbirləri
5.1. İstehlak bazarlarında satış məqsədilə yerləşdirilmiş malların texniki reqlamentlərin tələblərinə uyğunluğunun müəyyən edilməsi ilə əlaqədar aparılan nəzarət tədbirləri (bundan sonra - nəzarət tədbirləri) aşağıdakılardır:
5.1.1. malların orqanoleptik xüsusiyyətlərinə (rəngi, iyi, xarici görünüşü və s.) görə texniki reqlamentlərin məcburi tələblərinə uyğunluğuna baxış keçirilməsi;
5.1.2. malların müvafiq sənədlərinin xüsusi texniki vasitələrin, eləcə də informasiya sistemləri vasitəsilə reyestrdə mövcudluğunun araşdırılması;
5.1.3. malların üzərində uyğunluq nişanının mövcudluğuna baxışın keçirilməsi;
5.1.4. malların terminologiya, simvol, qablaşdırma, etiketləşdirmə, istismar, saxlanma, daşınma, satış, məhvetmə və utilizasiya qaydalarına dair texniki reqlamentlə müəyyən edilmiş məcburi tələblərin uyğunluğuna dair baxışın keçirilməsi;
5.1.5. bu Qaydaların 5.1.2-ci yarımbəndində qeyd olunan nəzarət tədbirlərinin həyata keçirilməsi zamanı Qanunun tələblərinin pozulması ilə əlaqədar Agentliyin göstərişləri müəyyən edilmiş müddət ərzində yerinə yetirilmədiyi təqdirdə mallardan nümunələrin götürülməsi;
5.1.6. bu Qaydaların 4-cü hissəsinin tələbləri barədə maarifləndirmə tədbirlərinin (bildirişlərin təqdim edilməsi, mediada maarifləndirmə, broşürlərin və posterlərin paylanması və s.) həyata keçirilməsi.
5.2. Nəzarət tədbirləri satıcının müəyyən edilmiş iş rejiminə və fəaliyyətinə maneə olmadan malların satışının həyata keçirildiyi yerlərə gəlməklə və ya gəlmədən həyata keçirilir.
5.3. Mikro sahibkarlıq subyektlərinə münasibətdə bu Qaydaların 5.1-ci bəndinə uyğun olaraq nəzarət tədbirlərinin ilk dəfə həyata keçirilməsi zamanı yalnız bu Qaydaların 5.1.6-cı yarımbəndində qeyd olunan nəzarət tədbirləri tətbiq edilir.
5.4. Nəzarət tədbirləri (plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) həyata keçirilir.
5.5. Agentlik nəzarət tədbirləri ilə əlaqədar hər il dekabr ayının 1-dək növbəti il üçün risk əsaslı plan hazırlayır, təsdiq edir və rəsmi internet saytında dərc edir.
5.6. Planda aşağıdakı məlumatlar qeyd olunur:
5.6.1. müvafiq texniki reqlamentin adı və işarəsi;
5.6.2. müvafiq texniki reqlamentlərlə əhatə olunan konkret malın adı və aid olduğu risk qrupu;
5.6.3. nəzarət tədbirlərinə sərf olunacaq müddət aralığı;
5.6.4. malların satışını həyata keçirən satıcıların kateqoriyası (iri, orta, kiçik, mikro);
5.6.5. nəzarət tədbirlərinin tətbiq olunacağı satıcıların sayı;
5.6.6. nəzarət tədbirlərinin həyata keçiriləcəyi bölgə (şəhər, rayon və s.);
5.6.7. nəzarət tədbirlərinin fiziki və ya məsafədən satışa tətbiq edilməsi barədə məlumat;
5.6.8. nəzarət tədbirlərinin hədəf və məqsədləri;
5.6.9. planın təsdiq edilmə tarixi və onu təsdiq edən Agentliyin vəzifəli şəxsinin soyadı, adı və vəzifəsi.
5.7. Plan hazırlanarkən aşağıdakılar nəzərə alınır:
5.7.1. mallara dair təhlükə və uyğunsuzluqlar, malın səbəb olduğu qəza və ya insanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına ziyan vurması halları, bunların istehlak bazarında baş verməsi tezliyi;
5.7.2. malların ticarət dövriyyəsi ilə məşğul olan təsərrüfat subyektlərinin və satıcıların fəaliyyətlərində əvvəllər aşkar olunmuş uyğunsuzluğa dair məlumatlar;
5.7.3. idxalda malların uyğunluğunun qiymətləndirilməsi fəaliyyəti zamanı aşkar olunmuş uyğunsuzluqlar;
5.7.4. hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından və digər mənbələrdən mallarda olan uyğunsuzluqlara dair daxil olmuş məlumatlar, habelə mediada yayılmış məlumatlar;
5.7.5. aidiyyəti texniki reqlamentdə əks olunan riskin dərəcəsi;
5.7.6. malların satışını həyata keçirən satıcıların kateqoriyası (iri, orta, kiçik, mikro);
5.7.7. uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrindən əldə edilmiş məlumatlar;
5.7.8. xarici ölkələrin informasiya sistemlərində malların uyğunsuzluğuna dair yayımlanan məlumatlar;
5.7.9. mallara dair tələbin mövsümi artması;
5.7.10. Agentliyin mallara dair nöqsanların aradan qaldırılması ilə əlaqədar göstərişlərinin yerinə yetirilməməsi.
5.8. Hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldıqda, malların texniki reqlamentlərin tələblərinə uyğunsuzluğu Agentlik tərəfindən elektron informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə bu Qaydaların 5.1.1-5.1.4-cü yarımbəndlərinə uyğun olaraq plandankənar (növbədənkənar) nəzarət tədbirləri həyata keçirilə bilər.
5.9. Nəzarət tədbirlərinin yerinə yetirilməsi zamanı malın müvafiq sənədlərə malik olduğu müəyyən edildikdə, lakin malın bu Qaydaların 5.1.1-ci və 5.1.4-cü yarımbəndlərində nəzərdə tutulmuş texniki reqlamentlərin orqanoleptik və (və ya) saxlanma və (və ya) qablaşdırma ilə bağlı tələblərinə cavab verməməsi barədə əsaslandırılmış şübhələr olduqda malın texniki reqlamentlərin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə malların tədqiqinin (sınağının) aparılması üçün texniki reqlamentlərlə müəyyən edilmiş metodlardan istifadə edilməklə Agentlik tərəfindən haqqı ödənilən azı bir mal nümunəsi və ya biri satıcıda saxlanılmaqla zəruri sayda mal nümunələri götürülür.
5.10. Tədqiqlərin (sınaqların) aparılması məqsədilə götürülmüş nümunələr 2 (iki) iş günündən gec olmayaraq "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilmiş sınaq laboratoriyasına (götürülmüş nümunənin aid olduğu partiyanın və ya seriyanın əvvəllər uyğunluğunun qiymətləndirilməsini aparmış uyğunluğu qiymətləndirən qurumlar, o cümlədən sınaqlarının aparılmasında iştirak etmiş sınaq laboratoriyaları və ya malın istehsalçısının və ya paylayıcısının (distribüterinin) mülkiyyətində, yaxud nəzarətində (idarəçiliyində) olan sınaq laboratoriyaları və digər təşkilatlar istisna olmaqla) təqdim edilir.
5.11. Mal nümunələrinin götürülməsi və akkreditasiya edilmiş sınaq laboratoriyasına təhvil verilməsi mal nümunələrinin təhvil-təslim aktı ilə rəsmiləşdirilir.
5.12. Mal nümunələrinin təhvil-təslim aktında aşağıdakı məlumatlar əks olunur:
5.12.1. aktın tərtib edilmə tarixi, vaxtı və nömrəsi, o cümlədən mal nümunələrinin dəqiq götürülmə tarixi və vaxtı;
5.12.2. mal nümunələri götürülmüş satıcının (onun təsərrüfat obyektinin) adı və yerləşdiyi ünvan;
5.12.3. mal nümunələrinin alışını təsdiq edən kassa qəbzi və ya çeki barədə məlumatlar;
5.12.4. mal nümunələrini götürən Agentliyin vəzifəli şəxsinin vəzifəsi, soyadı, adı, atasının adı və imzası;
5.12.5. nümunəsi götürülmüş malın adı;
5.12.6. nümunəsi götürülmüş malı dəqiq müəyyən etmək imkanı verən məlumatlar (istehsalçı, idxalatçı, sifarişçi, model, istehsal tarixi, partiya, seriya və s.);
5.12.7. götürülmüş mal nümunələrinin sayı (o cümlədən olduğu təqdirdə satıcıda saxlanılan nümunələrin sayı);
5.12.8. götürülmüş mal nümunələrinin ödənmiş ümumi dəyəri;
5.12.9. götürülmüş mal nümunələrinin müqayisə ediləcəyi texniki reqlamentlərin adı və işarəsi, texniki reqlamentlərlə müəyyən edilmiş konkret parametrlərin təsviri;
5.12.10. təhvil alan akkreditasiya edilmiş sınaq laboratoriyasının adı və ünvanı;
5.12.11. təhvil alan akkreditasiya edilmiş sınaq laboratoriyasının səlahiyyətli nümayəndəsinin soyadı, adı, vəzifəsi və imzası.
5.13. Uyğunluğun qiymətləndirilməsi zamanı malın sınağının aparıldığı akkreditasiya olunmuş sınaq laboratoriyasından başqa akkreditasiya olunmuş sınaq laboratoriyası olmadıqda malın sınağı həmin laboratoriyada Agentliyin vəzifəli şəxslərinin iştirakı ilə aparılır və ya sınaqların aparılması məqsədilə xarici ölkələrin akkreditasiya edilmiş laboratoriyasına göndərilir.
5.14. Malların sınaqlarının aparılması üçün Azərbaycan Respublikasında akkreditasiya edilmiş sınaq laboratoriyaları olmadıqda mal sınaqlarının aparılması məqsədilə xarici ölkələrin akkreditasiya edilmiş laboratoriyasına göndərilir.
5.15. Bu Qaydaların 5.13-cü və 5.14-cü bəndlərinə uyğun olaraq mallar sınaqların aparılması məqsədilə xarici ölkələrin akkreditasiya edilmiş laboratoriyasına göndərildiyi halda malların laboratoriyaya təqdim edilməsi, təhvil-təslimi və ondan imtina edilməsi, tədqiqin (sınağın) aparılması müddətləri, nəticələrin hazırlanması forması və təqdim edilməsi müddəti Agentlik ilə həmin laboratoriyalar arasında qarşılıqlı razılıq əsasında tənzimlənir.
5.16. Tədqiq (sınaq) üçün götürülmüş mal nümunələrini qablaşdırarkən Agentliyin vəzifəli şəxsi onların bütövlüyünü və tədqiq (sınaq) zamanı uyğunluğu yoxlanacaq parametrlərin tədqiq (sınaq) aparılacaq yerə çatdırılması üçün kifayət edən vaxt ərzində dəyişməz qalmasını təmin etməlidir.
5.17. Tədqiq (sınaq) üçün götürülən mal nümunələri Agentliyin vəzifəli şəxsi tərəfindən elə möhürlənməlidir ki, qablaşdırmanın bütövlüyünü pozmadan onu açmaq mümkün olmasın.
5.18. Akkreditasiya edilmiş sınaq laboratoriyası bu Qaydaların 5.10-cu, 5.16- cı, 5.17-ci bəndlərinin tələblərinə əməl edilməməklə götürülmüş mal nümunələrini qəbul etməkdən və təhvil-təslim aktının rəsmiləşdirilməsindən imtina edə bilər.
5.19. Götürülmüş mal nümunələrinin tədqiqi (sınağı) müvafiq tədqiq (sınaq) metodikasında nəzərdə tutulan müddətdə aparılır. Müvafiq tədqiq (sınaq) metodikasında tədqiq (sınaq) müddəti nəzərdə tutulmadıqda götürülmüş mal nümunələrinin tədqiqi (sınağı) bu Qaydaların 5.11-ci və 5.12-ci bəndlərində göstərilən təhvil-təslim aktının rəsmiləşdirildiyi tarixdən 10 (on) iş günündən çox olmayan müddətdə aparılır.
5.20. Tədqiqin (sınağın) nəticələri protokolla rəsmiləşdirilir.
5.21. Bu Qaydaların 5.10-cu və 6.3-cü bəndlərinə uyğun olaraq təqdim edilmiş nümunələrin tədqiqi (sınaqları) bitdikdən sonra akkreditasiya edilmiş sınaq laboratoriyası növbəti iş günündən gec olmayaraq tədqiqin (sınağın) nəticələri barədə protokolu Agentliyə alınmasını təsdiq edən poçt vasitəsilə və (və ya) elektron formada göndərir.
5.22. Tədqiqin (sınağın) nəticələri barədə protokolda aşağıdakılar əks etdirilməlidir:
5.22.1. protokolun nömrəsi, tərtib edilmə tarixi və dəqiq vaxtı;
5.22.2. tətbiq edilən tədqiq (sınaq) metodları barədə məlumat;
5.22.3. araşdırılan göstəricilərin (parametrlərin) texniki reqlamentlərlə müəyyən edilmiş məqbul səviyyəsi;
5.22.4. araşdırılan göstəricilərin (parametrlərin) tədqiq (sınaq) nəticəsində əldə edilmiş səviyyəsi;
5.22.5. təhvil-təslim aktının nömrəsi və tarixi;
5.22.6. əldə edilmiş nəticələrdə xəta (mümkün dəqiqlik).
5.23. Mal nümunələrinin alışı, daşınması, saxlanması və tədqiqinin (sınağının) aparılması ilə bağlı yaranmış xərclər Agentlik üçün bu məqsədlərlə ayrılmış vəsait hesabına aparılır.
6. İstehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirlərinin görülməsi
6.1. İllik plan əsasında bu Qaydaların 5.1.1-5.1.4-cü yarımbəndlərinə uyğun olaraq aparılan nəzarət tədbirləri çərçivəsində satılan (satış üçün nəzərdə tutulan) malların müvafiq sənədlərinin olmadığı müəyyən edildikdə pozuntuya yol vermiş şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülür.
6.2. Agentlik bu Qaydaların 6.1-ci bəndinə uyğun olaraq uyğunsuzluğun aşkar olunduğu gündən 3 (üç) iş günü ərzində uyğunsuzluğun aradan qaldırılması və (və ya) müvafiq düzəldici tədbirlərin həyata keçirilməsi məqsədilə uyğunsuzluğun xüsusiyyətindən asılı olaraq 30 (otuz) gündən artıq olmayan konkret müddət göstərilməklə pozuntuya yol vermiş şəxsə icrası məcburi olan yazılı göstərişlər verir. Göstəriş müəyyən olunmuş müddət ərzində icra edilmədikdə pozuntuya yol vermiş şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülür.
6.3. Bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq verilmiş göstərişlər müəyyən edilmiş müddət ərzində icra edilmədiyi təqdirdə 3 (üç) iş günü ərzində bu Qaydaların 5.1.5-ci yarımbəndi çərçivəsində malların tədqiqinin (sınağının) aparılması məqsədilə Agentlik tərəfindən haqqı ödənilən azı bir mal nümunəsi və ya biri satıcıda saxlanılmaqla zəruri sayda mal nümunələri götürülür.
6.4. Mal nümunələrinin akkreditasiya edilmiş sınaq laboratoriyasına təhvil verilməsi, sınaqların aparılması və rəsmiləşdirilməsi, çəkilən xərclərlə bağlı məsələlər bu Qaydalarla müəyyən edilmiş ümumi qaydada həyata keçirilir.
6.5. Nəzarət tədbirlərinin yerinə yetirilməsi zamanı müvafiq sənədlərə malik olduğu müəyyən edildikdə, lakin mal bu Qaydaların 5.1.3-cü və 5.1.4-cü yarımbəndlərində qeyd olunan nəzarət tədbirlərinin həyata keçirilməsi zamanı malların texniki reqlamentlərin məcburi tələblərinə cavab vermədiyi müəyyən olunduğu halda Agentliyin vəzifəli şəxsi bu faktı xüsusi texniki vasitələrin köməyi ilə foto və ya video qeydiyyata alır və pozuntuya yol vermiş şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür.
6.6. Agentlik bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq müəyyən olunmuş uyğunsuzluqların aradan qaldırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədilə pozuntuya yol vermiş şəxsə uyğunsuzluqların aşkar olunduğu gündən 3 (üç) iş günü
ərzində icrası məcburi olan yazılı göstəriş verir. Göstərişdə tədbirin icrası üçün müəyyən olunmuş uyğunsuzluğun xüsusiyyətindən asılı olaraq 30 (otuz) gündən artıq olmayan konkret müddət göstərilməlidir. Göstəriş müəyyən olunmuş müddət ərzində icra edilmədikdə pozuntuya yol vermiş şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülür.
6.7. Bu Qaydaların 5.9-cu və 6.3-cü bəndlərinə uyğun olaraq götürülmüş mal nümunələrinin tədqiq (sınaq) nəticəsində aşkar olunmuş uyğunsuzluq insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması riski daşıdıqda Agentlik mal nümunələrinin götürüldüyü satış obyektində və (və ya) istehlak bazarı qismində çıxış edən təsərrüfat subyektinə məxsus saxlanma sahələrində (anbarlarında) "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlama tədbirlərini həyata keçirir.
6.8. Bu Qaydaların 5.9-cu və 6.3-cü bəndlərinə uyğun olaraq götürülmüş mal nümunələrinin tədqiq (sınaq) nəticələrinin qənaətbəxş olması pozuntuya yol vermiş şəxsi Agentliyin nöqsanların aradan qaldırılması ilə bağlı bu Qaydaların 6.2-ci və 6.6-cı bəndlərinə uyğun olaraq verilən göstərişlərinin yerinə yetirilməsindən azad etmir.
7. Əməkdaşlıq və məlumatlandırma
7.1. Təsərrüfat subyektləri və satıcılar satış məqsədilə bazara çıxartdıqları və ya bazarda mövcud olan mallarının daşıdığı risklərin azaldılması və ya aradan qaldırılması məqsədilə öz fəaliyyətlərində Agentlik ilə əməkdaşlıq edirlər.
7.2. Agentlik malların texniki reqlamentlərin tələblərinə uyğunluğunun müəyyən edilməsi fəaliyyətlərin nəticələri ilə bağlı (risk daşıyan mallar, müəyyən edilmiş uyğunsuzluqlar, uyğunsuz malların istehsalı, idxalı və alqı-satqısını həyata keçirən təsərrüfat subyektləri və satıcılar, uyğunsuzluqlara dair görülmüş tədbirlər və s.) ictimaiyyəti məlumatlandırır.
7.3. Agentlik maarifləndirmələrin aparılması məqsədilə aidiyyəti dövlət orqanları, təsərrüfat subyektləri və ya istehlakçıları təmsil edən təşkilatlarla, habelə uyğunluğu qiymətləndirən qurumlarla ortaq fəaliyyətlər həyata keçirir.
7.4. Agentlik əməkdaşlıq fəaliyyətini haqsız rəqabətə şərait yaratmadan, tərəfsizlik, qərəzsizlik və obyektivliyin pozulmayacağı şəkildə həyata keçirməlidir.
8. Yekun müddəalar
8.1. Bu Qaydalarla müəyyən edilmiş qaydada aparılmış nəzarət tədbirlərinin nəticələri "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq illik planın tərtibi zamanı nəzərə alınır.
8.2. Agentliyin vəzifəli şəxsləri nəzarət tədbirləri zamanı öz səlahiyyətlərini (xidmət vəzifələrini) yerinə yetirmədikdə və ya lazımi qaydada yerinə yetirmədikdə və ya qanunsuz hərəkətlərə (hərəkətsizliyə) yol verildikdə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
8.3. Texniki tənzimləmənin şamil olunduğu malların satışı ilə əlaqədar satıcılara dair tələblər "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlar ilə tənzimlənir.
8.4. Bu Qaydaların tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar. _________________________________