Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il " 16 " yanvar tarixli 15 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Xüsusi icra məmurlarının fəaliyyətinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən nəzarətin həyata keçirilməsi QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda "Xüsusi icra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra —Qanun) 28.10-cu maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra — Nazirlik) tərəfindən xüsusi icra məmurlarının fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydasını müəyyən edir.
1.2. Nəzarətin həyata keçirilməsi ilə bağlı bu Qayda ilə müəyyən edilən müvafiq tələblər xüsusi icra məmurunu müvəqqəti əvəz edən xüsusi icra məmuruna da şamil olunur.
2. Yoxlamaların aparılması qaydası
2.1. Xüsusi icra məmurlarının fəaliyyətinə Nazirlik tərəfindən nəzarət plan üzrə və plandankənar yoxlamalar aparmaqla həyata keçirilir. Xüsusi İcra Məmurlarının Palatasının üzvü Nazirlik tərəfindən xüsusi icra məmurunun fəaliyyətinin yoxlanılmasına cəlb oluna bilər.
2.2. Yoxlamalar yerlərə getməklə və ya getmədən (xüsusi icra məmurunun hesabatları və digər məlumatları əsasında) aparılır.
2.3. Plan üzrə (növbəti) yoxlama 2 (iki) ildə bir dəfədən çox olmayaraq dövriliklə aparılır.
2.4. Yoxlamalar planı Nazirlik tərəfindən müəyyən edilir. Planda fəaliyyəti yoxlanılacaq xüsusi icra məmurlarının siyahısı, yoxlamanın tarixi və yeri göstərilir. Yoxlamalar planı əsasında yoxlamanın təyin edilməsi barədə qərar qəbul edilir.
2.5. Yoxlamanın aparılması yoxlamanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə həvalə edilə bilməz.
2.6. Yoxlamanın aparılması zamanı maraqların toqquşması hallarına yol verilməməlidir. Yoxlayıcı yoxlamaya başlamazdan əvvəl və ya yoxlamanın gedişində şəxsi maraqlarına toxunan, habelə onun qərəzsizliyinə əsas verə bilən hallar aşkar etdikdə, bu haqda məlumat verməlidir.
2.7. Bu Qaydanın 2.5-ci və 2.6-cı bəndlərində göstərilən hallarda barəsində yoxlama təyin edilmiş xüsusi icra məmuru yoxlayıcıya etiraz edə bilər.
2.8. Xüsusi icra məmurlarının ilk dəfə fəaliyyətə başlamasından 6 (altı) ay keçmədən plan üzrə yoxlanılma aparıla bilməz.
2.9. Plan üzrə yoxlamanın başlanmasına azı 10 (on) iş günü qalmış xüsusi icra məmuruna onun yeri və tarixi barədə yazılı bildiriş göndərilir.
2.10. Plan üzrə yoxlama zamanı xüsusi icra məmurunun fəaliyyətinin normativ hüquqi aktların tələblərinə uyğunluğu yoxlanılır, o cümlədən aşağıdakı məsələlərə diqqət yetirilir:
2.10.1. qanunla müəyyən edilmiş tələblərə, vəzifələrə və müddətlərə əməl olunması;
2.10.2. Nazirliyin və Palatanın xüsusi icra məmurlarının fəaliyyəti ilə bağlı qəbul etdiyi qərarların və digər sənədlərin tələblərinə əməl olunması;
2.10.3. informasiya-kommunikasiya texnologiyalarından, o cümlədən "Elektron icra" informasiya sistemindən istifadənin təşkili;
2.10.4. xüsusi icra məmurunun ofisinin Qanunla müəyyən edilmiş tələblərə uyğunluğu;
2.10.5. kargüzarlıq və arxiv işinin normativ hüquqi aktların tələblərinə uyğun təşkili;
2.10.6. xüsusi icra məmurunun bank hesablarındakı pul dövriyyəsi;
2.10.7. xüsusi icra məmurunun standart və əlavə icra haqqının tutulmasının, habelə avans ödənilməsinin qanuniliyi.
2.11. Plandankənar yoxlama aşağıdakı hallarda aparılır:
2.11.1. xüsusi icra məmurunun fəaliyyətində qanunazidd hallara yol verilməsi, etik davranış qaydalarının pozulması barədə mənbəyi məlum olan məlumatlar olduqda;
2.11.2. fəaliyyəti ilə bağlı xüsusi icra məmurundan tələb olunan məlumatlar müəyyən edilmiş müddətdə təqdim edilmədikdə və ya səhv məlumatlar təqdim edildikdə.
2.12. Plandankənar yoxlamalar zamanı yalnız yoxlamanın əsasını təşkil edən məsələlərə aydınlıq gətirilir.
2.13. Yoxlamanın başlanmasından əvvəl yazılı sorğu əsasında xüsusi icra məmurundan müvafiq məlumat və sənədlərin surətlərinin təqdim edilməsi tələb edilə bilər.
2.14. Sorğuda təyin olunan müddət məlumat və sənədlərin surətlərinin hazırlanması üçün yetərli olmalı və 1 (bir) iş günündən az olmamalıdır.
2.15. Yoxlama xüsusi icra məmurunun normal fəaliyyətinə maneçilik törətməməli, müddəti 5 (beş) iş günündən artıq olmamalıdır.
2.16. Yoxlama zamanı yoxlayıcıların xüsusi icra məmurunun ofisinə, təşkilati sənədlərinə, icraat materiallarına, arxivinə, digər bütün kağız və elektron məlumat daşıyıcılarına, xüsusi icra məmurunun bank hesablarına, icra sənədi üzrə xüsusi icra məmurunun saxlamasında olan əşyalara sərbəst çıxışı təmin edilir.
2.17. Xüsusi icra məmuru və onun işçiləri tərəfindən yoxlayıcılara hər hansı formada maneə yaradılması qadağandır.
2.18. Xüsusi icra məmuru və onun köməkçisi (köməkçiləri) yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verməli, habelə təhrif olunmuş və ya yanlış məlumat verməməlidir.
2.19. Xüsusi icra məmurunun və onun köməkçisinin (köməkçilərinin) yerində cavablandıra bilmədiyi suallar qeyd olunur və 1 (bir) iş günü müddətində cavablandırılması üçün ona təqdim edilir.
2.20. Xüsusi icra məmurunun sübut və izahatlar təqdim etmək, yoxlamaya aid olan hər hansı bir sənədin və ya onun surətinin yoxlama aktına əlavə olunmasını, yoxlama zamanı baş verən faktlar barədə qeydlərin yoxlamanın aktına daxil edilməsini tələb etmək, yoxlamanın aktı və digər sənədlərlə tanış olmaq hüququ vardır.
2.21. Yoxlayıcı yoxlamanın vaxtında, qərəzsiz, tam, hərtərəfli və obyektiv aparılmasına görə məsuliyyət daşıyır.
3. Yoxlamaların nəticəsinin rəsmiləşdirilməsi
3.1. Yoxlama başa çatdıqdan sonra 5 (beş) iş günü müddətində yoxlamanın nəticəsi üzrə yoxlama aktı tərtib edilir. Yoxlama aktında aşağıdakılar göstərilir:
3.1.1. yoxlama aktının tərtib edildiyi tarix və yer, yoxlama aktının nömrəsi;
3.1.2. yoxlamanın aparılmasının əsası;
3.1.3. yoxlanılan xüsusi icra məmurunun, soyadı, adı, atasının adı, vəzifəsi;
3.1.4. yoxlayıcıların hər birinin, soyadı, adı, atasının adı və vəzifəsi;
3.1.5. yoxlamanın predmeti və məzmunu;
3.1.6. yoxlamanın tarixi, davametmə müddəti;
3.1.7. yoxlama nəticəsində müəyyən edilmiş hallar, aşkar edilmiş qanun pozuntuları, onları yaradan səbəb və şərait.
3.2. Yoxlama aktı bütün yoxlayıcılar və xüsusi icra məmuru tərəfindən imzalanır. Yoxlama zamanı toplanmış bütün məlumat və materiallar yoxlama aktına əlavə edilir.
3.3. Xüsusi icra məmuru yoxlama aktının məzmunu və (və ya) ona əlavə edilmiş sənədlərlə və ya yoxlayıcının hərəkəti (hərəkətsizliyi) ilə razılaşmadığı halda, yoxlama aktında onu imzalamadan əvvəl müvafiq qeyd aparmaqla öz izah, irad və etirazını bildirə bilər. Xüsusi icra məmuru yoxlama aktını imzalamaqdan imtina etdikdə, bu barədə yoxlayıcı tərəfindən yoxlama aktında müvafiq qeyd aparılır.
3.4. Yoxlamanın gedişində, habelə nəticəsi üzrə hazırlanmış sənəddə aşkar edilmiş qanun pozuntularının, onları yaradan səbəb və şəraitin aradan qaldırılması barədə xüsusi icra məmuruna Nazirlik tərəfindən yazılı göstəriş verilir. Xüsusi icra məmuru 7 (yeddi) iş günündən gec olmayaraq qanun pozuntularının, onları yaradan səbəb və şəraitin aradan qaldırılması ilə bağlı tədbirlər barədə məlumatı Nazirliyə təqdim etməlidir.
3.5. Xüsusi icra məmurunun qərarı nəticəsində hüquqlarına və ya qanuni mənafelərinə zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxsin müraciətinə baxılması zamanı həmin qərarın qanunsuz olduğu aşkar edildikdə, Nazirlik onun 24 saat müddətində ləğv edilməsi barədə yazılı göstəriş verir.
3.6. Yoxlamalar nəticəsində xüsusi icra məmurunun fəaliyyətində intizam pozuntusunun əlamətləri aşkar edildikdə Nazirlik onun barəsində intizam icraatına başlanılması üçün İntizam Komissiyasına, cinayət və ya inzibati xəta tərkibinin əlamətləri aşkar edildikdə isə səlahiyyətli dövlət orqanına müraciət edir. Səlahiyyətli dövlət orqanına müraciət edilməsi xüsusi icra məmurunun intizam məsuliyyətinə cəlb edilməsini istisna etmir.
3.7. İnzibati nəzarət icraatı zamanı xüsusi icra məmurunun qəbul etdiyi qərar məqsədəuyğunluq baxımından qiymətləndirilə bilməz.
3.8. Nazirlik tərəfindən xüsusi icra məmurlarının fəaliyyətinə metodik dəstək göstərilir və onlara metodiki tövsiyələr verilir.
4. Yekun müddəa Xüsusi icra məmuru onun fəaliyyətinə nəzarətin həyata keçirilməsi ilə bağlı qərarlardan və hərəkətlərdən (hərəkətsizliklərdən) inzibati qaydada və məhkəməyə şikayət verə bilər. ______________________________