Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il " 18 " iyul tarixli 218 nömrəli Qərarı ilə təsdiq edilmişdir. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 49.5-ci maddəsinə uyğun olaraq, həmin Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin Xidmətin hesabına köçürülən vəsaitdən istifadə QAYDASI
1. Ümumi müddəalar 1.1. Bu Qayda "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 49.5-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (bundan sonra — Xidmət) xidmət keçən hərbi qulluqçuların (bundan sonra — hərbi qulluqçular) sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədilə Xidmətin xəzinə hesabına köçürülən cərimələrdən (bundan sonra — büdcədənkənar vəsait) istifadə qaydasını müəyyən edir. 1.2. Büdcədənkənar vəsait dövlətin mülkiyyəti hesab olunur, Xidmətin sərəncamındadır və onun sərəncamçısı dəyişdirilə bilməz.
2. Büdcədənkənar vəsaitin formalaşdırılması, gəlirlər və xərclər smetasının təsdiq edilməsi 2.1. Büdcədənkənar vəsait "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 49.5-ci maddəsinə uyğun olaraq, həmin Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Xidmət tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi hesabına formalaşdırılır. 2.2. Büdcədənkənar vəsaitin təyinatı üzrə istifadə edilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində Xidmət üçün xüsusi xəzinə hesabı açılır. 2.3. Büdcədənkənar vəsaitin yığılması və istifadəsi gəlirlər və xərclər smetasına uyğun olaraq həyata keçirilir. Gəlirlər və xərclər smetası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 502 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə"yə (bundan sonra — Əsasnamə) uyğun olaraq hazırlanır və təsdiq edilir.
2.4. Bu Qaydaya əsasən aylıq vəzifə (tarif) maaşlarına ödənilən əlavə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində nəzərdə tutulmuş təminat xərcliyinə daxil edilmir.
3. Büdcədənkənar vəsaitin bölgüsü və ondan istifadə istiqamətləri
3.1. Büdcədənkənar vəsaitin Xidmətin aparatı, strukturuna daxil olan və tabeliyində olan qurumları arasında bölgüsü Xidmətin müvafiq əmri ilə rəsmiləşdirilir.
3.2. Büdcədənkənar vəsait hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədilə hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşlarına mütənasib əlavələrin verilməsi üzrə xərclənir.
3.3. Hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşına əlavənin məbləği onların aylıq vəzifə (tarif) maaşından çox olmamalıdır.
3.4. Aylıq vəzifə (tarif) maaşına əlavənin ödənilməsi ayda bir dəfə olmaqla, hər ay üçün növbəti ayın 20-dək, dekabr ayı üçün isə həmin ayın 25-i (dekabrın 25-i qeyri-iş gününə düşdükdə növbəti iş günü) həyata keçirilir.
3.5. Aylıq vəzifə (tarif) maaşına əlavə aşağıdakı günlər üçün hesablanmır:
3.5.1. sərəncamda olduğu və əmək qabiliyyətini müvəqqəti itirdiyi günlər;
3.5.2. növbəti məzuniyyət istisna olmaqla "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 114-cü maddəsində nəzərdə tutulmuş digər məzuniyyətdə olduğu günlər;
3.5.3. hərbi qulluqçu intizam cəzası aldığı gündən intizam cəzası götürülənədək.
4. Büdcədənkənar vəsaitin uçota alınması və hesabatların təqdim edilməsi
4.1. Büdcədənkənar vəsaitlərin uçotu "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilir.
4.2. Büdcədənkənar vəsaitdən istifadə olunmasına dair hesabatların hazırlanması və təqdim edilməsi Əsasnaməyə uyğun olaraq icra edilir.
5. Büdcədənkənar vəsaitin istifadəsinə nəzarət
5.1. Büdcədənkənar vəsaitin istifadəsinə nəzarət öz səlahiyyətləri daxilində Xidmət və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.
5.2. Büdcədənkənar vəsait üzrə gəlirlər və xərclər smetasının icrası barədə hesabat Xidmət tərəfindən Əsasnaməyə uyğun olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.
6. Yekun müddəalar
6.1. Bu Qaydaya əsasən hərbi qulluqçulara ödənilən büdcədənkənar vəsaitdən məcburi dövlət sosial sığorta haqqı və icbari tibbi sığorta haqqı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə, "Sosial sığorta haqqında" və "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tutulur.
6.2. Büdcədənkənar vəsaitin istifadə olunması ilə bağlı digər məsələlər Əsasnaməyə uyğun olaraq həyata keçirilir.
6.3. Büdcədənkənar vəsaitdən təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar. _____________________________