Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il " 23 " aprel tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilmişdir. "Pir Hüseyn Xanəgahı" Tarix-Memarlıq Qoruğunun ƏSASNAMƏSİ
1. Ümumi müddəalar
1.1. "Pir Hüseyn Xanəgahı" Tarix-Memarlıq Qoruğu (bundan sonra - Qoruq) ərazisində yerləşən tarixi və mədəni irsə aid elementlərin, daşınar və daşınmaz abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsini, təbliğini, məqsədyönlü istifadəsini, qorunub saxlanılmasını və inkişafını təmin edən elmi tədqiqat müəssisəsi statusuna malik dövlət təşkilatıdır.
1.2. Qoruq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin (bundan sonra — Nazirlik) tabeliyində fəaliyyət göstərir.
1.3. Qoruq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, qüvvədə olan digər normativ hüquqi aktları, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin normativ hüquqi aktlarını, həmçinin digər aktlarını, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin (bundan sonra - Dövlət Xidməti) əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
1.4. Qoruq dövlət büdcəsindən maliyyələşən təşkilatdır, xəzinə hesabına, Nazirliyin və öz adı həkk olunmuş möhürə, müvafiq künc ştamplarına və blanklara malikdir. Qoruğun öz emblemi ola bilər.
1.5. Qoruq Dövlət Xidməti ilə razılaşdırılmış iş planlarına uyğun fəaliyyətinə dair yarımillik və illik hesabatı Dövlət Xidməti vasitəsilə Nazirliyə təqdim edir.
1.6. Qoruğun ərazisində yerləşən abidələrin, təbiət və landşaftın təhlükəsizliyini, onların funksional təyinatını, memarlıq-estetik görünüşünü və uzunömürlülüyünü təmin etmək məqsədilə Nazirliyin təklifi əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Qoruğun sərhədləri və mühafizə zonası təsdiq edilir.
1.7. Qoruğun ərazisində yerləşən tarix-mədəniyyət abidələri, torpaq, su, yerin təki, bitkilər və heyvanat aləmi mövcud qanunvericiliyə əsasən meşə fonduna aid ərazilərdə meşə mühafizəsi və bərpası, eləcə də meliorasiya və su təsərrüfatı obyektlərinin və onların mühafizəsinə aid ərazilərdə aparılan meliorasiya və irriqasiya tədbirləri istisna olmaqla təsərrüfat istifadəsindən və mülki dövriyyədən tamamilə və ya qismən çıxarılır və Qoruğun daimi istifadəsinə verilir.
1.8. Qoruğun ərazisindəki abidələrin üzərində mülkiyyət, icarə və istifadəyə dair münasibətlər "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
2. Qoruğun vəzifələri və fəaliyyət istiqamətləri
2.1. Qoruq bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
2.1.1. Qoruq ərazisində dövlət nəzarətini həyata keçirir;
2.1.2. Qoruğun sahəsinə aid proqnozlaşdırma və planlaşdırma işlərini təşkil edir, Qoruğun inkişafını təmin edir;
2.1.3. Qoruğun idarə edilməsi ilə bağlı müvafiq planlar hazırlayır, Dövlət Xidməti ilə razılaşdırır və həyata keçirir;
2.1.4. Qoruğun ərazisi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə əməl etmək şərtilə tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi, elmi tədqiqat, təlim-tərbiyə, turizm və rekreasiya məqsədləri üçün istifadə edilə bilər;
2.1.5. tarix və mədəniyyət abidələrində aparılan konservasiya, inşaatmöhkəmləndirmə, abadlıq, bərpa, rekonstruksiya, regenerasiya işlərinin səviyyəsinin artırılması və onların istifadəyə uyğunlaşdırılması üzrə layihə təkliflərini Dövlət Xidməti ilə razılaşdırmaqla Nazirliyə təqdim edir. Layihələr Nazirlik tərəfindən təsdiq edildikdən sonra Dövlət Xidmətinin, Qoruğun və layihə müəllifinin (müəlliflərinin) nəzarəti altında həyata keçirilir;
2.1.6. öz sərhədləri və mühafizə zonası daxilində abidələrin, tikililərin bərpası və təmirinin planlaşdırılması və təşkili üçün Dövlət Xidməti ilə razılaşdırmaqla Nazirliyə müraciət edir. Dövlət Xidməti həmin işlərin həyata keçirilməsinə nəzarət edir, abidələr üçün hər hansı təhlükə yarada bilən təmir işlərinin aparılması ilə əlaqədar təhlükəsizlik tədbirlərini müəyyənləşdirərək müvafiq qaydada işlər görür;
2.1.7. Qoruğun ərazisində yerləşən abidələrin və tikililərin inventarlaşmasını aparır, səlahiyyətləri daxilində Qoruğun pasportunun hazırlanmasında iştirak edir, qanunvericilikdə nəzərdə tutulmuş qaydada abidələr aşkar edildikdə, onların siyahıya və dövlət qeydiyyatına alınması üçün Dövlət Xidmətinə müraciət edir;
2.1.8. Qoruğun elmi fondunun müddətsiz saxlanılmasını təmin edir;
2.1.9. Qoruğun ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin mühafizəsini və toxunulmazlığını təmin edir, onlardan istifadə qaydalarının və Qoruğun mühafizə rejiminin pozulmasının qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada zəruri tədbirlər görür;
2.1.10. Qoruğun ərazisində turizmin inkişaf etdirilməsini, turist marşrutlarının müəyyən olunmasını və bununla bağlı infrastrukturun yaradılmasını, habelə mədəni xidmət sahələrinin yaradılmasını Dövlət Xidməti ilə razılaşdırmaqla təşkil edir;
2.1.11. Dövlət Xidməti ilə razılaşdırmaqla, müvafiq elmi təşkilatlarla birgə elmi tədqiqatlar və araşdırmalar təşkil edir, abidələrin aşkar edilməsi və öyrənilməsi üçün mütəxəssisləri cəlb edir;
2.1.12. abidələrin elmi, mədəni və tarixi əhəmiyyətini təbliğ edir, sərgilər, fotostendlər, ekskursiyalar, mühazirələr təşkil edir, sənədli və qısametrajlı filmlərin çəkilişi və elmi-kütləvi ədəbiyyatın nəşri üçün Dövlət Xidməti ilə razılaşdırmaqla müvafiq tədbirlər görür;
2.1.13. Qoruğun ərazisində qanunvericiliyə uyğun olaraq arxeoloji qazıntı işlərinin aparılmasını müvafiq qaydada təşkil edir, abidələrin öyrənilməsinə, arxeoloji qazıntıların aparılmasına və bu növ digər işlərə nəzarət edir. Qoruğun ərazisində arxeoloji abidələrin qazıntısına və aşkar edilməsinə Azərbaycan Milli Elmlər Akademiyasının icazəsi olduqdan və Dövlət Xidmətində qeydə alındıqdan sonra yol verilir. Arxeoloji qazıntı zamanı Qoruğun ərazisində aşkar olunan tarix və mədəniyyət abidələri Qoruğun fonduna təhvil verilir;
2.1.14. Qoruğun ərazisində baş verə bilən fövqəladə halların qarşısının alınması üçün tədbirlər görür;
2.1.15. Qoruq gəlirindən mövcud qanunvericilik əsasında büdcəyə vergilər ödəyir;
2.1.16. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.
2.2. Elmi tədqiqatların aparılması metodlarının Qoruğun xüsusi rejiminin tələblərinə zidd olmaması şərtilə hazırlanmış təkliflər Qoruqda tətbiq edilə bilər.
3. Qoruğun xüsusi mühafizə rejiminin xüsusiyyətləri və ərazisində yerləşən abidələrdən istifadə qaydaları
3.1. Qoruğun ərazisində yerləşən tarix-mədəniyyət abidələrindən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada istifadə oluna bilər.
3.2. Qoruğun ərazisində yerləşən elmi, tarixi, mədəniyyət əhəmiyyəti olan abidələr və təbii landşaft dövlət tərəfindən qorunur. Onların bədii estetik görkəminin dəyişdirilməsi və onlar üçün təhlükə yarada biləcək hər hansı işlərin aparılması qadağandır.
3.3. Qoruğun ərazisində yerləşən abidələrdən və torpaqdan istifadə edən hüquqi və fiziki şəxslərlə abidələrin və istifadə etdikləri ərazinin qorunması üçün müəyyən olunmuş qaydada mühafizə müqavilələri bağlanılır.
3.4. Qoruq ərazisindəki rekreasiya zonalarını, yaşıllaşdırma sahələrini və nəqliyyatın hərəkətini müvafiq qaydada təşkil edir, abidələrə yaxın olan və ya onların mühafizə zonasından keçən yol sahələrində boru kəmərlərinin, elektrik xətlərinin və digər kommunikasiyaların, eləcə də nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunması üçün təhlükə yaratdıqda onların məhdudlaşdırılması və ya qadağan edilməsi üçün qanunvericiliyə uyğun qaydada tədbirlər görür.
3.5. Qoruğun ərazisində aşağıdakılar qadağandır:
3.5.1. tarix və mədəniyyət abidələrində konservasiya, inşaat-möhkəmləndirmə, abadlıq, bərpa, rekonstruksiya, regenerasiya işlərinin səviyyəsinin artırılması və onların istifadəyə uyğunlaşdırılması üzrə layihəsi Dövlət Xidməti tərəfindən təsdiq edilmiş bərpa və təmir işləri istisna olmaqla hər hansı tikinti işlərinin aparılması;
3.5.2. tarix-mədəniyyət abidələrinə və təbii landşafta təhlükə yaradan hər bir fəaliyyət;
3.5.3. geoloji kəşfiyyat və faydalı qazıntı işlərinin aparılması;
3.5.4. xüsusi ekoloji təhlükə yaradan kimya sənayesi, metallurgiya, nüvə energetikası və digər müəssisələrin fəaliyyəti;
3.5.5. su təsərrüfatı obyektlərinə xidmət edən maşın-mexanizmlər və nəqliyyat vasitələri istisna olmaqla müəyyən edilmiş yerlərdən kənar nəqliyyat vasitələrinin hərəkəti və dayanacaqların təşkili, çadırların qurulması və tonqalların yandırılması.
3.6. Qoruğun ərazisində tarix, mədəniyyət, elmi, estetik, rekreasiya dəyərini aşağı sala bilən fəaliyyət növləri qanunvericiliklə müəyyən edilmiş qaydada məhdudlaşdırıla və yaxud qadağan edilə bilər.
4. Qoruğun maliyyələşdirilməsi
4.1. Qoruğun maliyyələşdirilmə mənbələri aşağıdakılardır:
4.1.1. dövlət büdcəsindən ayrılan vəsait;
4.1.2. əhaliyə göstərilən mədəni və turizm xidmətlərindən, qanunvericilikdə qadağan olmayan digər fəaliyyət növlərindən alınan gəlirlər;
4.1.3. dövlət, ictimai və digər təşkilatlardan, müqavilə əsasında keçirilən tədbirlərdən alınan gəlirlər;
4.1.4. hüquqi və fiziki şəxslərin verdikləri xeyriyyə vəsaitləri və ianələr;
4.1.5. qanunvericilik aktları ilə qadağan olunmayan digər mənbələrdən daxil olan vəsaitlər.
5. Qoruğun hüquq və məqsədləri
5.1. Qoruğun əsas hüquq və məqsədləri aşağıdakılardır:
5.1.1. ərazisində yerləşən tarix-mədəniyyət abidələrini və təbii landşaftı qoruyub saxlamaq;
5.1.2. Qoruğun ərazisində Dövlət Xidmətinin razılığı olmadan görülən hər hansı abadlıq, bərpa, rekonstruksiya, regenerasiya və təmir-tikinti işlərinin aparılmasına qadağa qoymaq;
5.1.3. Qoruğun ərazisində dövlət (bələdiyyə) mülkiyyətində olan abidələrin istifadəsinin, o cümlədən icarəyə verilməsinin mövcud qanunvericiliyə uyğunlaşdırılmasını təmin etmək;
5.1.4. Qoruğun mühafizə zonasında abidələr üçün hər hansı təhlükə yaratmayan inşaat-təmir işlərinin görülməsini müvafiq qanunvericiliyə əsasən Dövlət Xidmətinin razılığı ilə həyata keçirmək;
5.1.5. mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması üçün təkliflər vermək;
5.1.6. müstəqil ekspertləri və mütəxəssisləri Dövlət Xidməti ilə razılaşdırılmaqla qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
5.1.7. Qoruğun ərazisində mədəni-kütləvi tədbirlərin keçirilməsinə, müvəqqəti və daimi mədəni və turizm xidmətləri göstərən obyektlərin yaradılmasına, özəl və dövlət qurumları ilə müqavilə əsasında birgə fəaliyyətdə iştiraka dair Dövlət Xidmətinə təkliflər vermək və müxtəlif növ pullu xidmətlər göstərməklə, qanunvericiliyə zidd olmayan gəlir əldə etmək.
5.2. Qoruq müəyyən olunmuş qaydada elmi tədqiqatlar, mədəni-maarif, tədris tədbirlərinin təşkil edilməsi məqsədilə Elmi Şura yarada bilər. Elmi Şuranın tərkibi Qoruğun təklifi və Dövlət Xidmətinin təqdimatı ilə Nazirlik tərəfindən təsdiq edilir.
6. Qoruğun fəaliyyətinin təşkili
6.1. Qoruğun fəaliyyətinə Dövlət Xidmətinin təqdimatı ilə mədəniyyət naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir.
6.2. Qoruğun baş fond mühafizi, direktor müavinləri və baş mühasibi Dövlət Xidməti ilə razılaşdırılmaqla direktorun təqdimatı ilə Nazirlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Qoruğun digər işçiləri Dövlət Xidməti ilə razılaşdırılmaqla (texniki heyət istisna olmaqla) direktor tərəfindən vəzifəyə təyin və azad edilirlər.
6.3. Direktor:
6.3.1. Qoruğa həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır;
6.3.2. Qoruğu bütün idarə, təşkilat və müəssisələrdə etibarnaməsiz təmsil edir;
6.3.3. Qoruğun işçiləri arasında vəzifə bölgüsünü aparır, onları həvəsləndirir, intizam məsuliyyətinə cəlb edir (Nazirlik tərəfindən vəzifəyə təyin olunan şəxslər istisna olmaqla), əmək və icra intizamına nəzarət edir və onlara etibarnamələr verir;
6.3.4. öz səlahiyyətləri daxilində əmr və sərəncamlar verir;
6.3.5. Qoruğun yarımillik, illik və perspektiv iş planlarının tərtib olunmasını təmin edir, elmi tədqiqat işlərinin yerinə yetirilməsinə və Qoruğun ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən tətbiq olunmuş xüsusi rejimə əməl edilməsi üçün tədbirlər görür;
6.3.6. müəyyən olunmuş qaydada Dövlət Xidməti ilə razılaşdırılmaqla ştat cədvəlinin təsdiq edilməsi və dəyişdirilməsi haqqında Nazirliyə təkliflər verir.
6.4. Qoruğun mühafizəçiləri:
6.4.1. inventar kitabına əsasən onlara tapşırılmış tarix və mədəniyyət abidələrinin mühafizəsinə cavabdehdirlər;
6.4.2. Qoruğun abidələrinin toxunulmazlığının təmin edilməsi üçün müxtəlif təsvirlər və yazıların aparılmasına, razılıq olmadan Qoruğun sərhədləri daxilində abidələrdən istifadə olunmasına, ərazisində tonqal qalanmasına, müxtəlif məclislərin keçirilməsinə yol verməməli, üzərində tarixi yazılar, ornament, relyef və qayaüstü təsvirlər olan daşlara xüsusi diqqət yetirməli, abidədə olan dəyişikliklər, dağıntı və söküntülər, habelə ondan qanunsuz istifadə olunması barədə rəhbərliyə və müvafiq orqanlara xəbər verməli, abidənin mühafizə zonasında müxtəlif tikinti, torpaq və kənd təsərrüfatı, icazəsiz arxeoloji qazıntı işlərinin aparılmasına, ərazidə yeraltı, yerüstü partlayış işlərinə, xüsusi icazə olmadan abidələrin ölçülməsinə və onlarda olan bədii təsvirlərin surətlərinin çıxarılmasına icazə verməməli, Qoruğun ərazisində tarix və mədəniyyət abidələrindən istifadə rejiminin təmin edilməsi, abidələrin qorunması, onlardan istifadə qaydaları və Qoruğun mühafizə rejimini pozan şəxslərin məsuliyyətə cəlb edilməsi ilə əlaqədar tədbirlər görməlidirlər.
6.5. Qoruğun mühafizəçiləri respublikanın rayon və şəhərlərində abidələrin mühafizəsinə və istifadəsinə dair keçirilən bütün seminar və yığıncaqlarda iştirak edə, həmçinin mədəniyyət və turizm işçilərinin təkmilləşdirmə kurslarında təhsil və təcrübə mübadiləsi keçə bilərlər.
6.6. Qoruğun strukturu və işçilərinin say həddi qanunvericiliklə müəyyən olunmuş qaydada Nazirlik tərəfindən təsdiq edilir.
7. Qoruğun fəaliyyətinin dayandırılması və ya ləğvi Qoruğun fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dayandırıla və ya yenidən təşkil edilə bilər.