AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR "Liman infrastrukturunun dövlət mülkiyyətində olan obyektinin müsabiqə əsasında icarəyə verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında "Dəniz limanları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1070-VIQD nömrəli Qanununun tətbiqi və "Dəniz limanları haqqında" Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 161 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 4 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: "Liman infrastrukturunun dövlət mülkiyyətində olan obyektinin müsabiqə əsasında icarəyə verilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 13 sentyabr 2024-cü il
№ 421
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 sentyabr tarixli 421 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Liman infrastrukturunun dövlət mülkiyyətində olan obyektinin müsabiqə əsasında icarəyə verilməsi QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda "Dəniz limanları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 28.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq hazırlanmışdır və dəniz limanı (bundan sonra - liman) infrastrukturunun dövlət mülkiyyətində olan obyektinin müsabiqə əsasında icarəyə verilməsi qaydasını müəyyən edir.
1.2. Bu Qaydada liman infrastrukturunun dövlət mülkiyyətində olan obyekti (bundan sonra - obyekt) dedikdə Qanunun 26.1-ci və 3.1.3-cü maddələrində nəzərdə tutulmuş dövlət mülkiyyətində olan əmlaklar nəzərdə tutulur.
1.3. Obyektin müsabiqə əsasında icarəyə verilməsi icarə müqaviləsi bağlanılmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra - Dövlət Xidməti) tərəfindən həyata keçirilir və icarəyəverən qismində Dövlət Xidməti çıxış edir.
1.4. Obyektin müsabiqə əsasında icarəyə verilməsi zamanı bu Qaydanın 2.5-ci və 2.6-cı bəndlərinin tələblərinə cavab verən fiziki və hüquqi şəxslər icarəçi kimi çıxış edə bilərlər.
1.5. Dövlət Xidməti öz rəsmi internet informasiya ehtiyatında müsabiqə əsasında icarəyə verilən obyekt barədə elan yerləşdirir.
1.6. Müsabiqə əsasında icarəyə verilən obyektdən istifadəyə görə aylıq start icarə haqqının məbləği Qanuna və "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.
2. Müsabiqənin keçirilməsinə hazırlıq
2.1. Obyektin müsabiqə əsasında icarəyə verilməsi liman idarəsinin (müsabiqəyə çıxarılmış obyektin yerləşdiyi liman üzrə)
Dövlət Xidmətinə müraciəti ilə (bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulmuş sənədlər və məlumatlar əlavə olunmaqla) həyata keçirilir. Bu məqsədlə Dövlət Xidməti tərəfindən müsabiqənin keçirilməsi gününə ən azı 60 (altmış) gün qalmış Müsabiqə Komissiyası (bundan sonra - Komissiya) yaradılır. Komissiyanın tərkibi 5 (beş) nəfərdən ibarət olur, bura Dövlət Xidmətinin (1 nəfər), onun yerli bölməsinin (1 nəfər), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin (1 nəfər), liman idarəsinin (müsabiqəyə çıxarılmış obyektin yerləşdiyi liman üzrə) (1 nəfər) və icarəyə verilən obyektin yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti orqanının (1 nəfər) nümayəndələri daxil edilir. Komissiyanın sədri Dövlət Xidmətinin nümayəndəsi təyin olunur.
2.2. Obyektin müsabiqəyə çıxarılması üçün liman idarəsi tərəfindən obyektin texniki xüsusiyyətlərini təsdiq edən sənədlər, həmçinin daşınar əmlakın rəsmi reyestrindən çıxarış (obyekt daşınar əmlak olduqda) hazırlanır, obyektin icarəyə verilməsinin məqsədəuyğunluğu əsaslandırılır və bu Qaydanın 1.6-cı bəndinə əsasən obyektin aylıq start icarə haqqı məbləği müəyyənləşdirilərək Dövlət Xidmətinə təqdim edilir. Bu sənədlər və məlumatlar, o cümlədən obyektin texniki pasportu, plan-cizgisi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı (obyekt daşınmaz əmlak olduqda) və dövlət əmlakının registrindən çıxarışı (obyekt daşınmaz əmlak olduqda) Komissiya yaradıldıqdan sonra 3 (üç) iş günü müddətində Dövlət Xidməti tərəfindən həmin Komissiyaya təqdim edilir.
2.3. Komissiya tərəfindən aşağıdakılar göstərilməklə obyektin müsabiqə əsasında icarəyə verilməsi şərtləri müəyyən edilir və müsabiqənin keçirilməsi gününə ən azı 30 (otuz) gün qalmış Dövlət Xidmətinin rəsmi internet informasiya ehtiyatında aşağıdakıların nəzərdə tutulduğu elan yerləşdirilir:
2.3.1. obyektin müsabiqə vasitəsilə icarəyə verilməsinə dair müqavilənin ümumi şərtləri;
2.3.2. obyektin yerləşdiyi ünvan, müvafiq liman idarəsinin adı, obyektin yerləşdiyi torpaq sahəsi və onun üzərində yerləşən tikililərin xarakteristikası, onların yüklülüyü (əgər mövcuddursa);
2.3.3. müsabiqənin keçirilmə tarixi, vaxtı və yeri;
2.3.4. müsabiqədə iştirak etməyə hüquq verən, obyektin aylıq start icarə haqqı məbləğinin 10 faizi həcmində hesablanan beh məbləği və beh məbləğinin köçürülməsi üçün müvafiq bank hesabı;
2.3.5. sifarişçiyə aid tələblər;
2.3.6. təqdim edilməli olan sənədlərin siyahısı, sənədlərin tərtib olunması qaydası, təqdim olunma yeri və son müddəti;
2.3.7. müsabiqə obyektinə yerində tanış olmaq məqsədilə baxış keçirilməsi üçün təyin olunmuş tarix və vaxt;
2.3.8. müsabiqənin qalibi tərəfindən icarə müqaviləsinin bağlanılması müddəti;
2.3.9. müsabiqədə iştirakla bağlı əlavə məlumat almaq qaydası.
2.4. Müsabiqəyə iştirak etmək üçün müraciət etmiş, zəruri sənədləri müəyyənləşdirilmiş müddətdə və qaydada təqdim etmiş və bu Qaydanın 2.3.4-cü yarımbəndinə əsasən müəyyən edilmiş beh məbləğini ödəmiş hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (bundan sonra - sifarişçi) buraxılırlar.
2.5. Sifarişçilərə dair ümumi tələblər aşağıdakılardır:
2.5.1. "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduqda, müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması;
2.5.2. məhkəmə qərarları ilə müflis elan olunmaması və ya iflas prosesi başlanmaması, sahibkarlıq fəaliyyəti dayandırılmış şəxs olmaması, habelə borcuna görə əmlakının üzərinə tələbin yönəldilməməsi;
2.5.3. Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş aşağıdakı halların mövcud olmaması:
2.5.3.1. Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin olmaması;
2.5.3.2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair barəsində qüvvədə olan qərarın olmaması;
2.5.3.3. sifarişçi qismində çıxış edən fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin müsabiqəyə dair elanın verilməsindən əvvəlki 5 (beş) il müddətində iqtisadi sahədə cinayətlərə, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərə, kibercinayətlərə, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma cinayətlərinə görə məhkum olunmaması, həmçinin məhkumluğunun ödənilmiş və ya götürülmüş olması.
2.6. Sifarişçilərə dair obyektin təyinatı üzrə istifadəsindən irəli gələn xüsusi tələblər aşağıdakılardır:
2.6.1. icarə müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması;
2.6.2. icarə müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması;
2.6.3. texniki imkanlarının və maddi-texniki bazasının olması;
2.6.4. işçi qüvvəsinin olması.
2.7. Sifarişçi Komissiyaya aşağıdakı sənədləri müsabiqə haqqında elanda nəzərdə tutulmuş müddətdə şəxsən və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla təqdim etməlidir:
2.7.1. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 30.1-ci və 30.2-ci maddələrinin tələblərinə uyğun ərizə;
2.7.2. obyektin aylıq start icarə haqqı məbləğinin 10 faizi həcmində beh məbləğinin ödənilməsini təsdiq edən sənəd;
2.7.3. qiymət təklifi (bağlı zərfdə təqdim edilir, zərfin bağlı tərəfi sifarişçi tərəfindən imzalanır və (və ya) möhürlənir);
2.7.4. müraciət edən fiziki şəxs olduqda vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamənin, şəxsiyyətini təsdiq edən sənədin surəti, hüquqi şəxs olduqda isə dövlət qeydiyyatı haqqında şəhadətnamənin, hüquqi şəxsin nizamnaməsinin və dövlət reyestrindən çıxarışın surəti;
2.7.5. bu Qaydanın 2.5.1-ci yarımbəndində nəzərdə tutulmuş tələb üzrə - lisenziya və (və ya) icazənin surəti;
2.7.6. bu Qaydanın 2.5.2-ci və 2.5.3-cü yarımbəndlərində nəzərdə tutulmuş tələblər üzrə - səlahiyyətli orqanların verdiyi sənədlər;
2.7.7. bu Qaydanın 2.6.1-ci, 2.6.3-cü və 2.6.4-cü yarımbəndlərində nəzərdə tutulmuş tələblər üzrə - sifarişçi tərəfindən hazırlanmış arayış və həmin arayışda nəzərdə tutulmuş məlumatlar üzrə təsdiqedici sənədlər;
2.7.8. bu Qaydanın 2.6.2-ci yarımbəndində nəzərdə tutulmuş tələb üzrə - son maliyyə ili üzrə maliyyə hesabatı, habelə azı son 12 (on iki) aylıq dövrü əhatə edən bank dövriyyəsi barədə bank (banklar) tərəfindən verilmiş arayış (cari ildə fəaliyyətə başlama halında, maliyyə vəziyyəti barədə hesabatı və bank dövriyyəsi barədə bank tərəfindən verilmiş arayış bütün fəaliyyəti dövrünü əhatə etməklə);
2.7.9. müsabiqədə iştirak etmək üçün hüquqi və ya fiziki şəxsin nümayəndəsi müraciət etdikdə, həmin nümayəndənin müvafiq səlahiyyətlərini təsdiq edən sənəd.
2.8. Bu Qaydanın 2.7-ci bəndində nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər sifarişçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir.
2.9. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və imtinaya səbəb olmayan çatışmazlıqlar (bu Qaydanın 2.8-ci bəndinin müddəaları nəzərə alınmaqla) aşkar edildikdə ərizənin qeydiyyata alındığı tarixdən 3 (üç) iş günündən gec olmayaraq, Komissiya onların aradan qaldırılması barədə məlumatı sifarişçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar sifarişçiyə eyni zamanda bildirilir. Sifarişçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır.
2.10. Ərizədə və ona əlavə edilmiş sənədlərdə imtinaya səbəb olan çatışmazlıqlar aşkar edildikdə, habelə bu Qaydanın 2.9-cu bəndində göstərilən çatışmazlıqlar müəyyən edilən müddətdə aradan qaldırılmadıqda sifarişçi müsabiqəyə buraxılmır və bu barədə qərarın qəbul edildiyi gündən 10 (on) təqvim günü müddətində ödənilmiş beh məbləği qaytarılır.
2.11. Ərizədə və ona əlavə edilmiş sənədlərdə imtinaya səbəb olan çatışmazlıqlar aşkar edilmədikdə, habelə bu Qaydanın 2.9-cu bəndində göstərilən çatışmazlıqlar müəyyən edilən müddətdə aradan qaldırıldıqda 1 (bir) iş günü müddətində sifarişçiyə müsabiqədə iştiraketmə nömrəsi və müsabiqəyə çıxarılan obyektin adı əks olunan bildiriş verilir. Bildiriş verildiyi andan sifarişçi müsabiqə iştirakçısı statusunu əldə edir.
2.12. Dövlət Xidməti sifarişçilərin təqdim etdiyi sənədlərin və onlar haqqında məlumatların qorunub saxlanılmasını təmin edir.
3. Müsabiqənin keçirilməsi qaydaları
3.1. Komissiya müsabiqənin keçirilməsini təmin edir, müsabiqə iştirakçılarının qeydiyyatını aparır, verilən qiymət təklifi və bu Qaydanın 2.5-ci və 2.6-cı bəndlərində nəzərdə tutulmuş tələblər əsasında qiymətləndirmə apararaq müsabiqənin qalibini müəyyən edir, müsabiqənin yekun və digər protokollarını rəsmiləşdirir və onları təsdiq etmək üçün Dövlət Xidmətinə təqdim edir.
3.2. Komissiyanın qərarları iclasda iştirak edən komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermədə hər bir komissiya üzvü bir səsə malikdir. Səslər bərabər olduqda, komissiya sədrinin səsi həlledici olur. Komissiyanın qərarları protokollaşdırılır və iclasda iştirak edən komissiya üzvləri tərəfindən imzalanır. Qəbul olunmuş qərarla razı olmayan komissiya üzvləri öz mövqelərini yazılı şəkildə əsaslandırır və həmin mövqelər imzalanmış protokola əlavə olunur.
3.3. Komissiyanın iclasları Komissiyanın 3 (üç) nəfər üzvünün iştirakı təmin edildikdə keçirilmiş və səlahiyyətli hesab olunur. Komissiya işində mütəmadi iştirak etməyən və ya onun reqlamentini pozan üzvün komissiya üzvlüyündən çıxarılmasına dair Dövlət Xidməti qarşısında məsələ qaldıra bilər.
3.4. Müsabiqə aşağıdakı qaydada keçirilir:
3.4.1. icarəyə verilən obyektin qısa xarakteristikası və ilkin təklif olunmuş icarə haqqının məbləği komissiya üzvləri tərəfindən elan edilir;
3.4.3. müsabiqə iştirakçılarının bu Qaydanın 2.5-ci və 2.6-cı bəndlərində nəzərdə tutulmuş meyarlara uyğunluğu qiymətləndirilir;
3.4.3. müsabiqə iştirakçılarının təqdim etdikləri zərflər daxilolma ardıcıllığına uyğun olaraq açılır və təkliflərin qiymətləndirilməsi aparılır;
3.4.4. qalib gəlmiş təklif elan edilir;
3.4.5. müsabiqənin başa çatdığı gün komissiya müsabiqənin yekunlarını protokollaşdırır. Protokol aşağıdakı məlumatlar göstərilməklə 2 (iki) nüsxədə tərtib edilir, komissiya üzvləri və müsabiqənin qalibi tərəfindən imzalanaraq təsdiq edilməsi üçün Dövlət Xidmətinə təqdim olunur:
3.4.5.1. iclasda iştirak edən komissiya üzvlərinin tərkibi;
3.4.5.2. müsabiqənin şərtləri, keçirilmə tarixi və yeri;
3.4.5.3. obyektin aylıq start icarə haqqı məbləği;
3.4.5.4. iştirakçıların təklifləri və müsabiqənin qalibi haqqında məlumatlar (hüquqi şəxsin adı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);
3.4.5.5. müsabiqənin nəticəsi üzrə obyektin yekun icarə haqqı məbləği.
3.5. Protokol 3 (üç) təqvim günü müddətində Dövlət Xidməti tərəfindən təsdiq edilir. Həmin protokolun 1 (bir) nüsxəsi müsabiqənin qalibinə təqdim olunur və icarə müqaviləsinin bağlanılması hüququnu təsdiq edən sənəd kimi qəbul edilir.
3.6. Müsabiqənin yekunları haqqında məlumat müsabiqənin keçirildiyi gündən 15 (on beş) təqvim günü müddətində Dövlət Xidmətinin rəsmi internet informasiya ehtiyatında yerləşdirilir. Məlumatda müsabiqəyə çıxarılmış obyektin ünvanı və icarə haqqı məbləği göstərilir.
4. Müsabiqənin nəticələrinin rəsmiləşdirilməsi
4.1. Müsabiqənin yekunları haqqında protokol Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra 20 (iyirmi) gündən gec olmayaraq icarə müqaviləsi bağlanılır. İcarə müqaviləsinin nüsxələri icarəçiyə və müvafiq liman idarəsinə təqdim olunur.
4.2. Müsabiqənin şərtləri bağlanılan icarə müqaviləsində öz əksini tapmalıdır.
4.3. Müsabiqənin qalibi tərəfindən icarə haqqının ödənilməsi müqavilə ilə müəyyən olunmuş qaydada həyata keçirilir və qalib tərəfindən ödənilmiş beh məbləği ilkin dövr üçün ödənilməli olan icarə haqqı məbləğinə daxil edilir.
4.4. Müsabiqənin digər iştirakçıları tərəfindən ödənilmiş beh məbləği müsabiqənin başa çatdığı gündən 10 (on) təqvim günü müddətində onlara qaytarılır.
4.5. Müsabiqənin iştirakçısı müsabiqədə iştirak etmədikdə, müsabiqənin qalibi müsabiqənin yekunları haqqında protokolu və ya icarə müqaviləsini imzalamaqdan imtina etdikdə, müsabiqə baş tutmamış hesab olunur və qalib tərəfindən ödənilmiş beh məbləği geri qaytarılmır.
4.6. Müsabiqə baş tutmadıqda komissiya üzvlərinin iclasında bu barədə protokol tərtib olunur, həmçinin müsabiqənin təkrar keçirilməsi və keçirilmə müddətinin təyin edilməsi barədə qərar qəbul edilir. Protokol aşağıdakı məlumatlar göstərilməklə 2 (iki) nüsxədə tərtib edilir, komissiya üzvləri tərəfindən imzalanaraq təsdiq edilməsi üçün Dövlət Xidmətinə təqdim olunur:
4.6.1. iclasda iştirak edən komissiya üzvlərinin tərkibi;
4.6.2. müsabiqənin keçirilmə tarixi və yeri;
4.6.3. müsabiqənin baş tutmamasının səbəbi.
4.7. Sifarişçilər və müsabiqə iştirakçıları Dövlət Xidmətinin və Komissiyanın qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada yuxarı inzibati orqana və ya məhkəməyə şikayət verə bilərlər.
4.8. Müsabiqənin yekunları aşağıdakı hallarda yalnız məhkəmə qaydasında etibarsız hesab edilə bilər:
4.8.1. müsabiqənin keçirilməsi zamanı qanunvericiliyin və bu Qaydanın tələbləri pozulduqda;
4.8.2. müsabiqənin hər hansı iştirakçısına qanunsuz güzəştlər edildikdə. ______________