AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR "Dəniz əməliyyatları bazası reyestrinin aparılması Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1066-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 2 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Dəniz əməliyyatları bazası reyestrinin aparılması Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:
2.1. Dəniz əməliyyatları bazası reyestrinin altı ay müddətində formalaşdırılmasını təmin etsin;
2.2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"na uyğun olaraq Dəniz əməliyyatları bazası reyestrinin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etsin;
2.3. Dəniz əməliyyatları bazası reyestrinin "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri"nə və Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsini təmin etsin;
2.4. Dəniz əməliyyatları bazası reyestrinin "Hökumət buludu"nun (G-cloud) yaradılması və "bulud" xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanına uyğun olaraq "Hökumət buludu"nda yerləşdirilməsini, aparılmasını və təkmilləşdirilməsini təşkil etsin.
3. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti:
3.1. Dəniz əməliyyatları bazası reyestrini mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etsin və həmin sistemin təhlükəsizlik meyarları üzrə monitorinqini həyata keçirsin;
3.2. Dəniz əməliyyatları bazası reyestrinin informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin reyestrin sahibi və operatoru ilə birlikdə zəruri tədbirlər görsün.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 6 sentyabr 2024-cü il
№ 406
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 6 sentyabr tarixli 406 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Dəniz əməliyyatları bazasının reyestrinin aparılması QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin 2.5-1-ci maddəsinə əsasən hazırlanmışdır və Dəniz əməliyyatları bazası reyestrinin (bundan sonra - Reyestr) aparılmasının və Reyestrin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.
1.2. Reyestr rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə dəniz əməliyyatları bazası barədə məlumatların toplanılmasını, saxlanılmasını, istifadəsini, emalını, Reyestrdən çıxarışın verilməsini, məlumatların sistemliliyini, əlçatanlığını təmin edir.
1.3. Reyestrin formalaşdırılmasının məqsədi dəniz üzgüçülüyünün təhlükəsizliyinin və dəniz əməliyyatları bazalarına dövlət nəzarətinin təmin edilməsidir.
1.4. Reyestrdə formalaşdırılan, yaradılan, əldə edilən, daxil edilən (ötürülən), toplanılan, mühafizə olunan və saxlanılan məlumatlar və sənədlər Azərbaycan Respublikasının mülkiyyətindədir.
1.5. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.5.1. sahib - Reyestr üzərində sahiblik və istifadə hüququnu həyata keçirən, qanunvericiliyə uyğun qaydada Reyestrin aparılmasını təmin edən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (bundan sonra - Nazirlik);
1.5.2. operator — sahibin bu Qayda ilə müəyyən edilmiş həcmdə və şərtlərlə Reyestrin fəaliyyəti, idarə olunması və inkişafı üzrə hüquq və vəzifələri həvalə etdiyi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Dövlət Dəniz və Liman Agentliyi" publik hüquqi şəxs (bundan sonra - Agentlik);
1.5.3. ərizəçi — dəniz əməliyyatları bazasının Reyestrə əlavə edilməsi üçün Agentliyə ərizə ilə müraciət edən dəniz əməliyyatları bazasının operatoru;
1.5.4. elektron kabinet — Reyestrin istifadəçisini Vahid Giriş Sistemi vasitəsilə identikləşdirməklə özü barədə olan məlumatlarla (Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş hallar istisna olmaqla) tanış olmasını, onları əldə etməsini və dəyişdirməsini, elektron xidmətlərdən istifadə etməsini, ödənişlərin elektron qaydada həyata keçirilməsini (ödəniş xidməti təchizatçıları vasitəsilə), həmçinin sahib və operator ilə qarşılıqlı əlaqəsini, eləcə də sənəd (məlumat) mübadiləsini təmin edən fərdi elektron səhifə;
1.5.5. dəniz əməliyyatları bazasının operatoru — dəniz əməliyyatları bazasının istismarını həyata keçirən, gəmilərə, digər dəniz nəqliyyatı vasitələrinə, habelə dəniz neft-qaz yataqlarının maddi-texniki təchizatı üçün dəniz əməliyyatları bazası vasitəsilə xidmətlərin göstərilməsini həyata keçirən hüquqi və fiziki şəxslər;
1.5.6. reyestr nömrəsi — dəniz əməliyyatları bazası barədə məlumatlar Reyestrə daxil edilərkən dəniz əməliyyatları bazasına verilən vahid və təkrarolunmayan nömrə;
1.5.7. dəniz əməliyyatları bazasının adı — dəniz əməliyyatları bazasının operatorunun və dəniz əməliyyatları bazasının yerləşdiyi ünvanın (ərazinin) adlarından formalaşdırılan ad. Dəniz əməliyyatları bazasının yerləşdiyi ərazinin ünvanı və ya ayrıca coğrafi adı olmadıqda, habelə eyni coğrafi ərazidə fərqli dəniz əməliyyatları bazaları fəaliyyət göstərdikdə, dəniz əməliyyatları bazasının adı onun operatoru və reyestr nömrəsindən ibarət ola bilər.
1.6. Bu Qaydada istifadə olunan digər anlayışlar "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nda (bundan sonra - Qaydalar), həmçinin Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında müəyyən edilmiş mənaları ifadə edir.
1.7. Fərdi məlumatların Reyestrdə toplanılması və işlənilməsinin məqsədi Reyestrin bu Qaydanın 1.2-ci bəndində qeyd olunan funksiyalarının təmin edilməsidir. Fərdi məlumatların dövlət informasiya ehtiyatlarında və sistemlərində işlənilməsi və mühafizəsi "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.
1.8. Reyestrin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsində Nazirlik üzrə nəzərdə tutulmuş vəsaitlər hesabına və ya qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
2. Reyestrin texniki-texnoloji infrastrukturu
2.1. Reyestrin texniki-texnoloji infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:
2.1.1. proqram-texniki vasitələr və proqram təminatı;
2.1.2. telekommunikasiya qurğuları və kanalları;
2.1.3. informasiya ehtiyatı və onu idarəetmə paneli;
2.1.4. ehtiyat nüsxələr;
2.1.5. istismar və istismaraqədərki formalaşma mühitləri.
2.2. Proqram-texniki vasitələr və proqram təminatı vətəndaşyönümlü həllərdə "Mobil prioritetli tərtibat" prinsipi ilə qurularaq, Reyestrin funksiyalarının həyata keçirilməsini, fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, habelə Reyestrdən istifadəni və məlumat mübadiləsini təmin edir.
2.3. Reyestr fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, operativ və keyfiyyətli xidmətlərin göstərilməsini, habelə məlumat mübadiləsini təmin edən dayanıqlı, mühafizəli, yüksəkötürücülü fiberoptik əsas və digər ehtiyat telekommunikasiya qurğularına və kanallarına malikdir. Reyestrin qurulma topologiyasına uyğun olaraq telekommunikasiya qurğuları və kanalları iki səviyyədə təşkil edilir:
2.3.1. Reyestrin fəaliyyətinin təşkili üçün müvafiq qurumdaxili telekommunikasiya qurğuları və kanalları sahibin və operatorun struktur bölmələri tərəfindən;
2.3.2. Reyestrin digər dövlət informasiya sistemləri və ehtiyatları ilə qarşılıqlı fəaliyyətinin təşkili üçün istifadə edilən telekommunikasiya qurğuları və kanalları isə AZState Net şəbəkəsi üzərindən Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (bundan sonra - XRİTDX) tərəfindən.
2.4. İdarəetmə paneli Reyestrin informasiya ehtiyatının formalaşdırılmasını və idarə edilməsini, o cümlədən həmin informasiya ehtiyatından istifadəni təmin edir.
2.5. Fəaliyyətinin dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Reyestr və Reyestrdə toplanılan məlumatlar, o cümlədən onların ehtiyat nüsxələri "Hökumət buludu"nda saxlanılır.
2.6. Reyestrdə aparılan dəyişikliklərin yoxlanılması istismaraqədərki mühitlərdə həyata keçirilir.
3. Reyestrə daxil edilən məlumatlar
3.1. Reyestrə aşağıdakı məlumatlar daxil edilir:
3.1.1. dəniz əməliyyatları bazasının operatoru və icarəçi barədə məlumatlar (hüquqi şəxsin adı, hüquqi ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi və hüquqi ünvanı);
3.1.2. dəniz əməliyyatları bazası operatorunun və icarəçinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi və fəaliyyət istiqamətləri;
3.1.3. dəniz əməliyyatları bazasının Reyestrə daxil edildiyi tarix və reyestr nömrəsi;
3.1.4. dəniz əməliyyatları bazasının adı;
3.1.5. dəniz əməliyyatları bazasının təyinatı;
3.1.6. dəniz əməliyyatları bazasının fəaliyyətə başlamasına razılıq verilməsi barədə qərarın tarixi və nömrəsi;
3.1.7. dəniz əməliyyatları bazasında göstərilən xidmətlər;
3.1.8. dəniz əməliyyatları bazasının aşağıdakı əsas texniki xarakteristikaları, o cümlədən onun xidmətlərin göstərilməsi üzrə imkanları:
3.1.8.1. dəniz əməliyyatları bazasının ölçüləri, quru ərazisi olduqda onun sahəsi;
3.1.8.2. dəniz əməliyyatları bazasında gəmilərin dayanması və ya onlara xidmət üçün nəzərdə tutulan ərazilərdə su sahəsinin minimum dərinliyi;
3.1.8.3. dəniz əməliyyatları bazasına daxil olan körpülərin sayı, uzunluğu, körpülərdə su sahəsinin minimum dərinliyi;
3.1.8.4. dəniz neft-qaz yataqlarının maddi-texniki təchizatı ilə bağlı göstərilən xidmətlər;
3.1.8.5. dəniz əməliyyatları bazasında aşırımına icazə verilən yüklər;
3.1.8.6. yük aşırımına icazə verildikdə, qapalı və açıq anbar sahələri (min kvadratmetrlə) və ya maye yüklər üçün rezervuarların sayı və həcmi (kubmetrlə);
3.1.8.7. dəniz əməliyyatları bazasının coğrafi mövqeyi, göstərdiyi xidmətlər və təyinatı nəzərə alınmaqla qanunvericiliyin və beynəlxalq konvensiyaların tələblərinə uyğun Agentlik tərəfindən müəyyən edilən əsas təhlükəsizlik tələbləri;
3.1.9. naviqasiya dövrü;
3.1.10. dəniz əməliyyatları bazasının coğrafi mövqeyi (yeri və ya ünvanı);
3.1.11. dəniz əməliyyatları bazasının fəaliyyətinin dayandırılması barədə qərarın tarixi və nömrəsi.
3.2. Reyestrin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili Qaydalara uyğun olaraq həyata keçirilir.
3.3. Reyestrdə formalaşdırılan sənədlər "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə uyğun olaraq tərtib olunur və rəsmiləşdirilir.
4. Reyestrin aparılması qaydası
4.1. Reyestr Azərbaycan Respublikasının dövlət dilində aparılır.
4.2. Dəniz əməliyyatları bazasının inşası, qurulması və madditexniki təchizatı başa çatdıqdan sonra 10 (on) iş günü ərzində ərizəçi elektron kabinet vasitəsilə təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş ərizəsi əsasında dəniz əməliyyatları bazasının Reyestrə daxil edilməsi üçün Agentliyə müraciət etməlidir.
4.3. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
4.3.1. ərizəçi hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
4.3.2. ərizəçi fərdi sahibkar olduqda şəxsiyyətini təsdiq edən sənədin surəti;
4.3.3. ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
4.3.4. bu Qaydanın 3.1.8.1-3.1.8.6-cı yarımbəndlərində göstərilən məlumatları təsdiq edən digər sənədlər;
4.3.5. Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin 61.5.1-ci maddəsinə əsasən xidmət haqqının ödənilməsini təsdiq edən sənəd;
4.3.6. tikintisi başa çatmış dəniz əməliyyatları bazası obyektlərinin istismara icazə sənədi.
4.4. Bu Qaydanın 4.3-cü və 4.13-cü bəndlərində qeyd olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
4.5. Agentlik bu Qaydanın 4.2-ci bəndində qeyd edilən müraciətin daxil olduğu gündən 5 (beş) iş günü müddətində bu Qaydanın 4.3-cü bəndi üzrə təqdim olunan sənədlər əsasında dəniz əməliyyatları bazasının fəaliyyətə başlaması üçün hazırlığını yoxlayır.
4.6. Bu Qaydanın 4.4-cü bəndini nəzərə almaqla, təqdim olunan sənədlərdə çatışmazlıqlar aşkar edildikdə onların aradan qaldırılması barədə ərizəçiyə 2 (iki) iş günü müddətində məlumat verilir. Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır.
4.7. Ərizəçi aşkar olunmuş çatışmazlıqları bu Qaydanın 4.6-cı bəndində göstərilən müddətdə aradan qaldırmadıqda Agentlik ərizənin baxılmamış saxlanılması haqqında təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş inzibati akt qəbul edir və 1 (bir) iş günü müddətində ərizəçinin elektron kabinetində yerləşdirir və ya bu inzibati aktın "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən kağız daşıyıcıdakı surəti sifarişli poçt göndərişi vasitəsilə göndərilir (ərizəçi bu barədə müraciət etdiyi halda).
4.8. Bu Qaydanın 4.3-cü bəndində qeyd olunan sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə, eləcə də aşkar edilən çatışmazlıqlar bu Qaydanın 4.6-cı bəndində göstərilən müddətdə aradan qaldırıldıqda Agentlik dəniz əməliyyatları bazasının fəaliyyətə başlamasının hazır olduğuna dair arayışı Nazirliyə təqdim edir.
4.9. Bu Qaydanın 4.8-ci bəndində qeyd olunan arayış təqdim edildiyi gündən 3 (üç) iş günü ərzində Nazirlik tərəfindən dəniz əməliyyatları bazasının fəaliyyətə başlamasına razılıq verilməsi barədə qərar qəbul edilir.
4.10. Dəniz əməliyyatları bazasının Reyestrə daxil edilməsi dəniz əməliyyatları bazasının fəaliyyətə başlamasına razılıq verilməsi barədə Nazirliyin qərarının qəbul edilməsindən sonra 1 (bir) iş günü müddətində həyata keçirilir.
4.11. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, dəniz əməliyyatları bazası Reyestrdə qeydiyyata alınır və Agentlik tərəfindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq olunan çıxarış (bundan sonra - çıxarış) verilir, həmçinin elektron kabinetdə yerləşdirilir və ya çıxarışın "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən kağız daşıyıcıdakı surəti sifarişli poçt göndərişi vasitəsilə göndərilir (ərizəçi bu barədə müraciət etdiyi halda).
4.12. Çıxarışda Azərbaycan və ingilis dillərində olmaqla, aşağıdakı məlumatlar göstərilir:
4.12.1. dəniz əməliyyatları bazasının operatorunun adı və ünvanı;
4.12.2. dəniz əməliyyatları bazasının reyestr nömrəsi və qeydiyyat tarixi;
4.12.3. dəniz əməliyyatları bazasının adı və təyinatı;
4.12.4. dəniz əməliyyatları bazasının fəaliyyətə başlamasına razılıq verilməsinə dair qərarın tarixi və nömrəsi;
4.12.5. dəniz əməliyyatları bazasında həyata keçirilən xidmətlərin siyahısı;
4.12.6. naviqasiya dövrü;
4.12.7. dəniz əməliyyatları bazasının coğrafi mövqeyi (yeri və ya ünvanı);
4.12.8. dəniz əməliyyatları bazasının əsas texniki xarakteristikaları;
4.12.9. dəniz əməliyyatları bazasının ölçüləri, quru ərazisi olduqda onun sahəsi;
4.12.10. dəniz əməliyyatları bazasının gəmilərə xidmət üçün nəzərdə tutulan ərazilərində su sahəsinin minimum dərinliyi;
4.12.11. körpülərin sayı və uzunluğu;
4.12.12. körpülərdə su sahəsinin minimum dərinliyi;
4.12.13. dayanmasına və ya xidmət göstərilməsinə icazə verilən gəmilərin tipləri və maksimal ölçüləri;
4.12.14. dəniz neft-qaz yataqlarının maddi-texniki təchizatı ilə bağlı göstərilməsinə icazə verilən xidmətlərin siyahısı;
4.12.15. aşırılmasına icazə verilən yüklərin siyahısı;
4.12.16. qapalı və açıq anbar sahələri (min kvadratmetrlə);
4.12.17. maye yüklər üçün rezervuarların sayı və həcmi (kubmetrlə);
4.12.18. dəniz əməliyyatları bazasına dair əsas təhlükəsizlik tələbləri.
4.13. Dəniz əməliyyatları bazası (və ya onun bir hissəsi) icarəyə verildikdə icarə müqaviləsinin bağlanılmasından sonra 3 (üç) iş günü ərzində icarəçi haqqında aşağıdakı məlumatlar dəniz əməliyyatları bazasının operatoru tərəfindən elektron kabineti vasitəsilə Agentliyə təqdim edilməlidir:
4.13.1. icarəçi hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
4.13.2. icarəçi fərdi sahibkar olduqda şəxsiyyətini təsdiq edən sənədin surəti;
4.13.3. icarəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
4.13.4. icarə müqaviləsinin surəti.
4.14. Reyestrdə olan hər hansı məlumatlarda dəyişikliklər baş verdikdə dəniz əməliyyatları bazasının operatoru tərəfindən elektron kabineti vasitəsilə müvafiq dəyişikliklərə dair məlumatlar 3 (üç) iş günü ərzində Reyestrə daxil edilməsi üçün Agentliyə təqdim edilir və 1 (bir) iş günü müddətində Reyestrdə müvafiq dəyişikliklər edilir.
4.15. Dəniz əməliyyatları bazasının Reyestrdən çıxarılması dəniz əməliyyatları bazasının fəaliyyətinin dayandırılması haqqında Nazirlik tərəfindən qəbul edilmiş qərara əsasən həyata keçirilir.
4.16. Aşağıdakı hallarda Agentlik dəniz əməliyyatları bazasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilməsi məqsədilə Nazirliyə vəsatət verir:
4.16.1. dəniz əməliyyatları bazasının onun yaradılması zamanı nəzərdə tutulan əməliyyatların həyata keçirilməsi üçün texniki imkanları olmadıqda (gəmilərə xidmət edən qurğular sıradan çıxdıqda və ya mövcud infrastruktur dəniz neft-qaz yataqlarının maddi-texniki təchizatı xidmətinin göstərilməsi üçün yararlı olmadıqda) və dəniz əməliyyatları bazasının operatoru həmin texniki imkanların təmin edilməsindən imtina etdikdə;
4.16.2. dəniz əməliyyatları bazasının operatoru tərəfindən dəniz əməliyyatları bazasının fəaliyyətinin dayandırılması barədə ərizə təqdim edildikdə.
4.17. Dəniz əməliyyatları bazasının onun yaradılması zamanı nəzərdə tutulan əməliyyatların həyata keçirilməsi üçün texniki imkanlarının olmaması halı aşkar edildikdə Agentlik tərəfindən 3 (üç) iş günü ərzində bu halın aradan qaldırılması, dəniz əməliyyatları bazasının xidmətlərin göstərilməsi üçün yararlı hala gətirilməsi və ya dəniz üzgüçülüyünün təhlükəsizliyi tələblərinə cavab verməsi üçün dəniz əməliyyatları bazasının operatoruna yazılı şəkildə müraciət edilir.
4.18. Dəniz əməliyyatları bazasının operatoru Agentliyin bu Qaydanın 4.17-ci bəndində qeyd olunan müraciətini aldıqdan sonra
15 (on beş) iş günü müddətində uyğunsuzluqların aradan qaldırılmasına dair layihə ilə birlikdə Agentliyə müraciət etmədikdə və ya uyğunsuzluqların aradan qaldırılmasından yazılı şəkildə imtina etdikdə Agentlik tərəfindən dəniz əməliyyatları bazasının fəaliyyətinin dayandırılması barədə Nazirliyə vəsatət verilir. Nazirlik vəsatətin verilməsindən sonra 5 (beş) gün müddətində onun rədd edilməsi və ya dəniz əməliyyatları bazasının fəaliyyətinin dayandırılması barədə əsaslandırılmış qərar qəbul edir. Qərar onun qəbul edilməsindən sonra 3 (üç) iş günü ərzində Agentlik tərəfindən sifarişli poçt göndərişi vasitəsilə dəniz əməliyyatları bazasının operatoruna göndərilir.
4.19. Dəniz əməliyyatları bazasının operatoru tərəfindən dəniz əməliyyatları bazasının fəaliyyətinin dayandırılması barədə ərizə təqdim edildikdə Agentlik həmin ərizəni müvafiq rəyi ilə birlikdə qərar qəbul edilməsi üçün Nazirliyə təqdim edir. Nazirlik ərizəyə baxaraq 5 (beş) gün müddətində müvafiq qərar qəbul edir. Qərar onun qəbul edilməsindən sonra 3 (üç) iş günü ərzində Agentlik tərəfindən sifarişli poçt göndərişi vasitəsilə dəniz əməliyyatları bazasının operatoruna göndərilir.
4.20. Nazirliyin bu Qaydanın 4.18-ci bəndinə əsasən qəbul edilmiş dəniz əməliyyatları bazasının fəaliyyətinin dayandırılması barədə qərarında həmçinin dəniz əməliyyatları bazasının qurğularının dənizin ətraf mühitinə və ya dəniz üzgüçülüyünün təhlükəsizliyinə təsirlərinin aradan qaldırılması ilə bağlı göstərişlər əksini tapa bilər.
4.21. Nazirliyin dəniz əməliyyatları bazasının fəaliyyətinin dayandırılması barədə qərarından 1 (bir) iş günü müddətində dəniz əməliyyatları bazası Reyestrdən çıxarılır və bu barədə Reyestrdə müvafiq qeydlər aparılır.
4.22. Dəniz əməliyyatları bazası Reyestrdən çıxarıldıqda Agentlik tərəfindən bu barədə məlumat 3 (üç) iş günü ərzində elektron kabinetdə yerləşdirilir və ya sifarişli poçt göndərişi vasitəsilə dəniz əməliyyatları bazasının operatoruna göndərilir.
4.23. Bu Qaydanın 4.22-ci bəndində göstərilən məlumatı aldığı andan 3 (üç) iş günü müddətində dəniz əməliyyatları bazasının operatoru bu Qaydanın 4.11-ci bəndinə uyğun olaraq verilmiş çıxarışı Agentliyə qaytarmalıdır.
4.24. Bu Qaydanın qüvvəyə minməsinədək inşası, qurulması və maddi-texniki təchizatı başa çatmış dəniz əməliyyatları bazasının Reyestrinin aparılması bu Qaydanın tələblərinə uyğun qaydada həyata keçirilir.
4.25. Bu Qaydanın qüvvəyə minməsindən bir il müddətində Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən dəniz əməliyyatları bazalarının Reyestrə daxil edilməsi təmin edilməlidir.
5. Sahibin vəzifələri və hüquqları
5.1. Reyestrin fəaliyyətini təmin etmək üçün sahibin vəzifələri aşağıdakılardır:
5.1.1. Reyestrin idarə olunmasını təşkil etmək, təkmilləşdirilməsi və funksional imkanlarının artırılması istiqamətində tədbirlər görmək;
5.1.2. Reyestrin "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri"nə və Fərdi məlumatların informasiya ehtiyatlarının və sistemlərinin dövlət reyestrinə daxil edilməsi, həmçinin dövlət qeydiyyatının həyata keçirilməsi üçün tədbirlər görmək;
5.1.3. Reyestrin və fərdi məlumatların işlənilməsinin, həmçinin mühafizəsinin fərdi məlumatlar sahəsində Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə uyğunluğunun təmin edilməsi üçün tədbirlər görmək;
5.1.4. Reyestrin fərdi məlumatların işlənilməsi və mühafizəsi üzrə dövlət ekspertizasından keçirilməsi ilə bağlı tədbirlər görmək;
5.1.5. Reyestrin təşkili və fəaliyyəti üzrə qiymətləndirilməsini aparmaq;
5.1.6. Reyestrin informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyinin təmin edilməsində iştirak etmək;
5.1.7. Reyestrin informasiya təhlükəsizliyi məqsədilə mövcud və yarana biləcək təhlükələr və ya baş vermiş təhlükəsizlik insidentləri aşkar edildikdə bu barədə məlumatları 24 saatdan gec olmayaraq, fəaliyyət istiqamətlərinə uyğun olaraq XRİTDX-yə təqdim etmək, habelə həmin dövlət orqanı tərəfindən bu barədə sorğu verildikdə həmin sorğuları 24 saatdan gec olmayaraq cavablandırmaq;
5.1.8. Reyestrə qarşı müdaxilə cəhdləri zamanı cinayət tərkibinin əlamətlərini aşkar etdikdə bu barədə məlumatları 24 saatdan gec olmayaraq aidiyyəti təhqiqat və ya istintaq orqanına təqdim etmək;
5.1.9. Reyestrə daxil edilmiş və (və ya) ötürülmüş məlumatların aktuallığının, etibarlılığının, təhrifolunmazlığının, əlçatanlığının, tamlığının, konfidensiallığının təmin edilməsi, habelə həmin məlumatların, informasiya ehtiyatlarının və sistemlərinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər görmək;
5.1.10. Reyestrin dayanıqlı mühafizəsinin, o cümlədən onların ehtiyat nüsxələrinin "Hökumət buludu"nda saxlanılmasının və aparılmasının təmin edilməsi üçün tədbirlər görmək;
5.1.11. EHİS-də yaradılan elektron imkanlar vasitəsilə istifadəçilərin tələbi əsasında onlar barədə məlumatlarda aparılan (istifadəçilərin özləri tərəfindən) düzəlişləri təsdiq və ya rədd etmək;
5.1.12. Reyestrə çıxışı olan, habelə onların aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;
5.1.13. aidiyyəti qurumların Reyestrin fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd olunan sorğular əsasında zəruri məlumatları (sənədləri) onlara təqdim etmək;
5.1.14. tələb olunan sənədlər barədə məlumatlar digər dövlət informasiya ehtiyatlarında və sistemlərində olduqda, həmin məlumatların ilkin mənbədən əldə edilməsi üçün operatorla birlikdə tədbirlər görmək.
5.2. Reyestrin fəaliyyətini təmin etmək üçün sahibin hüquqları aşağıdakılardır:
5.2.1. Reyestrin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərinin layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparılmasına nəzarət etmək;
5.2.2. Reyestrin formalaşdırılması, istifadəsi və inkişaf etdirilməsi ilə bağlı beynəlxalq təcrübəni və standartları öyrənmək, bu sahədə müvafiq ölkədaxili və beynəlxalq qurumlarla əməkdaşlıq etmək;
5.2.3. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi, vəzifələrinin və ya funksiyalarının icrası zamanı əldə etdiyi zəruri məlumatları (sənədləri) Reyestrə daxil etmək;
5.2.4. Reyestrin dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin olunmasına nəzarət etmək;
5.2.5. Reyestrdən sərbəst və maneəsiz istifadə, eləcə də onların funksiyaları ilə bağlı maarifləndirmə və məlumatlandırma işləri aparmaq;
5.2.6. Reyestrdə dəyişikliklər, təkmilləşdirmələr aparılması üçün operatora təkliflər vermək və onların həyata keçirilməsinə nəzarət etmək;
5.2.7. Reyestrin fəaliyyətinin təmin olunması ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün aidiyyəti qurumlara sorğular vermək və həmin qurumlardan belə məlumatları (sənədləri) almaq.
6. Operatorun vəzifələri və hüquqları
6.1. Operatorun vəzifələri aşağıdakılardır:
6.1.1. Reyestrin informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyinin təmin edilməsində iştirak etmək;
6.1.2. Reyestrin informasiya təhlükəsizliyi məqsədilə mövcud və yarana biləcək təhlükələr və ya baş vermiş təhlükəsizlik insidentləri aşkar edildikdə, bu barədə məlumatları 24 saatdan gec olmayaraq sahibə və XRİTDX-yə təqdim etmək, habelə həmin dövlət orqanı tərəfindən bu barədə sorğu verildikdə həmin sorğuları 24 saatdan gec olmayaraq cavablandırmaq;
6.1.3. Reyestrə qarşı müdaxilə cəhdləri zamanı cinayət tərkibinin əlamətlərini aşkar etdikdə bu barədə məlumatları 24 saatdan gec olmayaraq aidiyyəti təhqiqat və ya istintaq orqanına təqdim etmək;
6.1.4. Reyestrin mühafizəsinin, o cümlədən onların ehtiyat nüsxələrinin "Hökumət buludu"nda saxlanılmasının və aparılmasının təmin edilməsi üçün tədbirlər görmək;
6.1.5. Reyestrin təhlükəsizliyi pozulduqda, fəaliyyətində nasazlıq və ya qəza yarandıqda dərhal sahibi məlumatlandırmaq, nasazlığın və qəzanın (xətanın) qeydiyyatını aparmaq, aradan qaldırılması üçün sahibin verdiyi göstərişlərə uyğun təcili tədbirlər görmək, bu mümkün olmadıqda isə həmin Reyestrin "Hökumət buludu"nun ehtiyat Data Mərkəzində fəaliyyətini davam etdirməsi üçün sahiblə birlikdə zəruri tədbirlər görmək;
6.1.6. Reyestrin fəaliyyətinin idarə olunması, təkmilləşdirilməsi və onun funksional imkanlarının artırılması istiqamətində sahiblə razılaşdırmaqla texniki tədbirləri görmək və bu barədə həmin ehtiyat və sistemin fəaliyyətində iştirak edən aidiyyəti dövlət orqanlarını məlumatlandırmaq;
6.1.7. Reyestrdən sərbəst və maneəsiz istifadəni, Reyestrin dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə Reyestrin proqram kompleksinə nəzarəti həyata keçirmək və mütəmadi olaraq texniki baxış keçirilməsini təşkil etmək;
6.1.8. Reyestri EHİS-yə inteqrasiya etmək, digər dövlət informasiya ehtiyatı və sistemi ilə məlumat (sənəd) mübadiləsini EHİS vasitəsilə həyata keçirmək;
6.1.9. Reyestrə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;
6.1.10. Reyestrin komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və yenilənməsini təmin etmək, təkmilləşdirilməsinə dair profilaktik işlər aparmaq;
6.1.11. sahibin verdiyi təkliflər əsasında Reyestrdə dəyişikliklər edilməsi və təkmilləşdirmələr aparılması üçün tədbirlər görmək;
6.1.12. sahibin müraciəti ilə normativ hüquqi aktlarda edilən dəyişikliklərə əsasən proqram təminatında uyğunlaşdırmalar aparılmasını, eləcə də yeni proqram modullarının yazılmasını və sınaqlar keçirilməsini təmin etmək;
6.1.13. Reyestrin formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı rəsmi sənədləri və texniki məlumatları sahibə təqdim etmək;
6.1.14. Reyestrin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərini layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparmaq;
6.1.15. Reyestrin funksiyalarını sahiblə birgə təmin etmək;
6.1.16. Reyestrdən istifadəni, habelə onlar üzərindən vətəndaşlara göstərilən elektron xidmətlərin əlçatanlığını təmin etmək üçün formalaşdırılan mobil tətbiqi elektron marketlərdə yerləşdirmək;
6.1.17. aidiyyəti qurumların Reyestrin fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri məlumatları (sənədləri) onlara təqdim etmək.
6.2. Operatorun hüquqları aşağıdakılardır:
6.2.1. Reyestrin fəaliyyətinin təmin olunması ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün aidiyyəti qurumlara sorğular vermək və həmin qurumlardan belə məlumatları (sənədləri) almaq;
6.2.2. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi, vəzifələrinin və ya funksiyalarının icrası zamanı əldə etdiyi zəruri məlumatları (sənədləri) müvafiq Reyestrə daxil etmək;
6.2.3. Reyestrin təkmilləşdirilməsi istiqamətində rəy və təkliflər vermək;
6.2.4. Reyestr ilə məlumat mübadiləsində iştirak edəcək digər informasiya ehtiyatları və sistemləri müəyyən edilmiş texniki və funksional tələblərə cavab vermədiyi hallarda onlarda zəruri dəyişiklik və təkmilləşdirmə aparılması məqsədilə məsələ qaldırmaq;
6.2.5. Reyestrin parametrlərində sahiblə razılaşdırmaqla dəyişiklik etmək və bütün mümkün parametrlər üzrə hesabatlar əldə etmək;
6.2.6. sahiblə razılaşdırmaqla iştirakçıların və istifadəçilərin Reyestrin təhlükəsiz və effektiv fəaliyyətinin pozulmasına səbəb olan əməllərə yol verdikdə informasiya sisteminə və ehtiyatına giriş imkanını ləğv etmək və ya məhdudlaşdırmaq.
7. Reyestrdən istifadə qaydası
7.1. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olan dövlət qurumlarının Reyestrdən istifadəsi onların informasiya ehtiyatları və sistemləri Qaydaların 4-cü hissəsinə və "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq EHİS-yə AZState Net şəbəkəsi üzərindən inteqrasiya edildikdən sonra məlumat mübadiləsinin həyata keçirilməsi yolu ilə təmin edilir.
7.2. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olmayan qurumların və digər hüquqi şəxslərin Reyestrdən istifadəsi onların elektron kabinetləri vasitəsilə təmin edilir. Bu halda qurumların və digər hüquqi şəxslərin rəhbər şəxsi tərəfindən dövlət informasiya ehtiyatlarında və sistemlərində qeydiyyatdan keçirilən və müvafiq hüquqlar verilən məsul şəxsləri Vahid Giriş Sistemi vasitəsilə identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərə daxil olaraq Reyestrdən istifadə edirlər.
7.3. Fiziki şəxslər Vahid Giriş Sistemi vasitəsilə dövlət informasiya ehtiyatlarında və sistemlərində identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərinə daxil olaraq Reyestrdən istifadə edirlər.
7.4. İstifadəçilər Reyestrin internet informasiya ehtiyatları vasitəsilə açıq məlumatlarla tanış ola, onları əldə edə, eləcə də elektron kabinetləri üzərindən bu Qaydanın 1.5.4-cü yarımbəndində qeyd edilən digər əməliyyatları həyata keçirə bilərlər. ______________