AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR 2025-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018- ci il 14 fevral tarixli 3672 nömrəli Sərəncamının 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. 2025-ci il iyulun 15-dən avqustun 15-dək Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınması keçirilsin.
2. Siyahıyaalma kənd təsərrüfatı istehsalı ilə məşğul olan hüquqi şəxslər tərəfindən siyahıyaalma vərəqələrinin Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin elektron informasiya sistemində real vaxt rejimində doldurulması yolu ilə, fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatları üzrə isə siyahıyaalmaya cəlb ediləcək şəxslər (sayıcılar) tərəfindən planşet tipli kompüterlərdən istifadə olunmaqla sorğu yolu ilə keçirilsin.
3. Kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə 2024-cü il iyulun 15-dən avqustun 15-dək Ağsu rayonunda kənd təsərrüfatının sınaq siyahıyaalınması keçirilsin.
4. Kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə əlaqədar İstiqamətləndirici Komitə yaradılsın.
5. İstiqamətləndirici Komitənin tərkibi təsdiq edilsin (əlavə olunur).
6. İstiqamətləndirici Komitə:
6.1. kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyətlərini əlaqələndirsin;
6.2. kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi üzrə təqvim planını, siyahıyaalma vərəqəsi formasını və doldurulması qaydasını təsdiq etsin;
6.3. kənd təsərrüfatının siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsinə nəzarət etsin, onun vaxtında və keyfiyyətlə keçirilməsini təmin etmək məqsədilə zəruri tədbirlər görsün;
6.4. kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə əlaqədar qarşıya çıxan və bu Qərarla tənzimlənməyən məsələlərə dair zəruri olduğu halda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflərini təqdim etsin.
7. Kənd təsərrüfatının siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, əldə olunan məlumatların işlənilməsi və nəticələrin dərc edilərək yayılmasını təmin etmək məqsədilə 2024-2026- cı illər üçün dövlət büdcəsində vəsait nəzərdə tutulsun.
8. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə kənd təsərrüfatının siyahıyaalınmasının keçirilməsi, əldə olunan məlumatların işlənilməsi, nəticələrinin dərc edilərək yayılmasını təmin etmək məqsədilə işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər, müəllim və tələbələr, uçot sahəsində səriştəsi olan digər şəxslər cəlb olunmaqla aşağıdakı tərkibdə Siyahıyaalma qrupunun yaradılmasına icazə verilsin:
8.1. Siyahıyaalma qrupunun rəhbəri - 2025-ci il iyulun 1-dən dekabrın 30-dək;
8.2. Siyahıyaalma qrupu rəhbərinin müavini - 2025-ci il iyulun 1- dən dekabrın 30-dək;
8.3. baş məsləhətçi - 2025-ci il iyulun 1-dən dekabrın 30-dək;
8.4. aparıcı məsləhətçi - 2025-ci il iyulun 1-dən dekabrın 30-dək;
8.5. məsləhətçi - 2025-ci il iyulun 1-dən dekabrın 30-dək;
8.6. məlumat bazasının administratoru - 2025-ci il iyulun 1-dən dekabrın 30-dək;
8.7. sistem administratoru - 2025-ci il iyulun 1-dən dekabrın 30-dək;
8.8. kompüter şəbəkəsi üzrə mütəxəssis - 2025-ci il iyulun 1-dən dekabrın 30-dək;
8.9. təlimatçı-nəzarətçilər - orta hesabla 10 sayıcıya 1 nəfər olmaqla 2025-ci il iyulun 10-dan avqustun 18-dək (sınaq siyahıyaalınması üzrə 2024-cü il iyulun 10-dan avqustun 18-dək);
8.10. sayıcılar - orta hesabla 120 təsərrüfat üçün 1 nəfər olmaqla 2025-ci il iyulun 10-dan avqustun 18-dək (sınaq siyahıyaalınması üzrə 2024-cü il iyulun 10-dan avqustun 18-dək).
9. Bu Qərarın 8.10-cu bəndində qeyd olunan şərtlərlə sayıcıların ümumi sayının 3,0 faizi hesabı ilə ehtiyat sayıcılar müəyyən edilsin.
10. Bu Qərarın 8.1-8.8-ci bəndləri üzrə işə cəlb olunacaq şəxslərlə münasibətlər əmək müqaviləsi, 8.9-8.10-cu bəndləri üzrə isə xidmət müqaviləsi ilə rəsmiləşdirilsin.
11. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi:
11.1. kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi üzrə təqvim planının, siyahıyaalma vərəqəsi formasının və doldurulması qaydasının layihələrinin hazırlanaraq İstiqamətləndirici Komitəyə təqdim olunmasını təmin etmək məqsədilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət Texniki Komitə yaratsın;
11.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, Siyahıyaalma qrupu işçilərinin aylıq vəzifə maaşlarının (xidmət haqlarının) məbləğlərini müvafiq işçilərin vəzifə maaşları məbləğlərinə uyğunlaşdıraraq 1 (bir) ay müddətində təsdiq etsin;
11.3. siyahıyaalma məlumatlarının elektron informasiya sisteminə daxil edilməsi, işlənilməsi və yekunlarının əldə olunması məqsədilə proqram təminatının hazırlanmasını təmin etsin;
11.4. kənd təsərrüfatının siyahıyaalınmasının başlanılmasına azı 2 (iki) ay qalmış onun keçirilməsi üçün zəruri olan metodoloji və digər materialların, habelə əhalinin məlumatlandırılması üçün əyani vəsaitlərin çap edilməsini, videoçarxların hazırlanmasını təmin etsin;
11.5. kənd təsərrüfatının siyahıyaalınmasına, o cümlədən sınaq siyahıyaalınmasına cəlb olunacaq təlimatçı-nəzarətçilərin və sayıcıların seçilməsini və təlimatlandırılmasını təmin etsin;
11.6. kənd təsərrüfatının siyahıyaalınmasının əhəmiyyəti haqqında mediada xüsusi maarifləndirici materialların yayımlanması üçün müvafiq tədbirlər görsün;
11.7. kənd təsərrüfatının siyahıyaalınması başa çatdıqdan sonra bu məqsəd üçün alınmış planşet tipli kompüterlərin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin balansına verilməsi məqsədilə qanunvericiliyə uyğun zəruri tədbirlər görsün.
12. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının şəhər, rayon, şəhər rayonlarının icra hakimiyyətləri:
12.1. siyahıyaalma ilə əlaqədar hazırlıq və onun keçirilməsi üzrə tədbirlərin vaxtında və mütəşəkkil yerinə yetirilməsini, qarşıya çıxan çətinliklərin operativ surətdə aradan qaldırılmasını, siyahıyaalmaya cəlb olunacaq təlimatçı-nəzarətçilərin və sayıcıların vaxtında müəyyənləşdirilməsini təmin etmək məqsədilə 2024-cü ilin sonunadək Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavininin, şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçıları müavinlərinin sədrliyi ilə kənd təsərrüfatının siyahıyaalınmasına yardım komissiyaları yaratsınlar;
12.2. şəhər, qəsəbə, kənd və sahə inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədləri məlumatlarının aktuallaşdırılmasını və 2025-ci il aprelin 1-dən gec olmayaraq Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin elektron informasiya sisteminə daxil edilməsini təmin etsinlər;
13. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi siyahıyaalma kadrlarına olan tələbatın ödənilməsi məqsədilə işaxtaran və işsiz kimi qeydiyyata alınmış uçot sahəsində səriştəsi olan şəxslərin kənd təsərrüfatının siyahıyaalınmasının keçirilməsinə cəlb edilməsində kənd təsərrüfatının siyahıyaalınmasına yardım komissiyalarına kömək göstərsin.
14. "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı radio və televiziyada müntəzəm olaraq xüsusi proqramlar təşkil etsin və bununla bağlı həyata keçirilən tədbirlərin geniş işıqlandırılmasını təmin etsin.
15. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınması dövründə telekommunikasiya şəbəkələrinin işinin dayanıqlılığını təmin etmək üçün zəruri tədbirlər görsün.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 4 oktyabr 2023-cü il
№ 357
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 oktyabr tarixli 357 nömrəli Qərarı ilə təsdiq edilmişdir. İstiqamətləndirici Komitənin tərkibi İstiqamətləndirici Komitənin sədri Əli Əhmədov - Azərbaycan Respublikası Baş nazirinin müavini İstiqamətləndirici Komitə sədrinin müavini Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri İstiqamətləndirici Komitənin üzvləri: Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinın sədrinin müavini Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Ağsu Rayon İcra Hakimiyyətinin başçısı. ____________ №-li nüsxə